Yanvarın 16-da Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağdam və Laçın rayonlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iştirakı ilə Gəncliyə Yardım Fondunda “20 Yanvar xalqımızın hüzn və qəhrəmanlıq tarixi” mövzusunda konfrans keçirib. Fondun foyesində faciəyə həsr olunan sərgi təşkil edilib.
Tədbirdə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Vüqar Qədirov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, 1990-cı ilin yanvarında törədilən cinayət, tökülən qanlar xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, müstəqil Azərbaycan dövləti xalqımızın azadlığı yolunda canından keçən vətən övladlarının xatirəsinə ən böyük və əbədi abidədir.