Yanvarın 29-da Rusiya kinosunun milli “Oskar”ı sayılan “Qızıl qartal” mükafatının qalibləri məlum olub.
Rusiyanın Kinematoqrafiya Sənətləri və Elmləri Milli Akademiyasının 12-ci dəfə təqdim etdiyi mükafatın əsas nominasiya (“Ən yaşı film”) üzrə qalibi Nikolay Lebedevin idman dramı janrında çəkdiyi “17 nömrəli əfsanə” filmi layiq görülüb. Məşhur hokkeyçi, əfsanəvi Valeri Xarlamovdan bəhs edən ekran əsəri ümumilikdə 6 “Qızıl qartal”a (ən yaxşı musiqi, montaj, ikinci planda aktyor işi və s.) layiq görülüb. Filmdə sovet və Kanada yığma komandalarının tarixi oyunundan bəhs olunur. Xarlamov obrazını aktyor Danila Kozlovski canlandırıb. 2013-cü ilin aprelində prokata verilən film bir neçə həftə ərzində kassa yığımlarına görə ilk beşlikdə yer alıb.
“17 nömrəli əfsanə” ilə mübarizə aparan Fyodr Bondarçukun “Stalinqrad” filmi 4 “Qızıl qartal” qazansa da, bunlar əsasən texniki səciyyəli nominasiyalar olub.
Rusiya kino mütəxəssislərinin rəyinə görə, 2013-cü ilin ən yaxşı rejissoru mükafatına "Coğrafiyaçı qlobusun pulunu içkiyə verib” filminin müəllifi Aleksandr Veledinski layiq görülüb. Filmdə çəkilən Konstantin Xabenski ən yaxşı kişi roluna görə, Elena Lyadavoy isə ən yaxşı qadın roluna görə mükafat qazanıb.