Sənət məkanında “Nazim Hikmət karikaturalarda” adlı sərgi açılıb

Xəbər verdiyimiz kimi, 2019-cu il qarşılıqlı olaraq Türkiyədə “Rusiya ili”, Rusiyada isə “Türkiyə ili” elan olunub. Bu çərçivədə ilboyu çoxsaylı mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulub.

Ötən ildən Yunus Əmrə İnstitutunun Moskva Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Yanvarın əvvəlində isə Ankarada Nazim Hikmət və A.S.Puşkin Sənət Mərkəzi açılıb. Mərasimə Moskva və Sankt-Peterburqdan şərqşünaslar, türkoloqlar, musiqiçilər, elm adamları qatılmış, bu məkanda ilk olaraq Nazim Hikmət və A.S.Puşkinə həsr olunmuş rəsm sərgisi təşkil olunmuşdu.

Türk-Rus Dostluq Cəmiyyətinə (Ankara Türk-Rus Dostluq Evi) aid olan tarixi bina 1920-27-ci illərdə Rus xəstəxanası kimi fəaliyyət göstərib. Cəmiyyətin rəhbəri Erol Uğurlunun verdiyi məlumata görə, burada Atatürkün yanında döyüşən, Sakarya müharibəsində yaralanan əsgərlər rusiyalı həkim və tibb bacıları tərəfindən müalicə olunub. Bina 2010-cu ildən sonra Sankt-Peterburqdakı Yusupov Sarayına bənzər şəkildə təmir olunub: “Qərara aldıq ki, binaya “Nazim Hikmət və A.S.Puşkin Sənət Mərkəzi” adı verməklə onu Rusiya-Türkiyə dostluğunun simvoluna çevirək”.

Üçmərtəbəli bina Ankaranın tarixi məkanlarından birində, Hamamönündə Sankt-Peterburq meydanında yerləşir. Binanın quruluşu, daxili dekorasiyası, mebellər də klassik rus tikilisini xatırladır. Binada Nazim Hikmətin böyük heykəli qoyulub ki, onun da müəllifi Türkiyədə yaşayan məşhur azərbaycanlı heykəltəraş Sait Rüstəmdir. Sənət mərkəzində sərgilər, konfranslar keçiriləcək, ortaq mətbəxlər təqdim olunacaq, rus-türk rəsm, musiqi dərsləri veriləcək.

* * *

Sənət evində yanvarın 15-də keçirilən ikinci tədbir adını simvollaşdırdığı Nazim Hikmətə həsr olunmuşdu. Böyük şair və dramaturqun anadan olmasının 117-ci ildönümü münasibətilə burada “Nazim Hikmət karikaturalarda” adlı sərgi açıldı.

Türkiyə Memarlar Odası Ankara Şöbəsi, Rusiyanın Türkiyədəki səfirliyi, Türkiyə Karikaturaçılar Dərnəyi və digər qurumların işbirliyi ilə baş tutan sərgidə məşhur karikaturaçıların əsərləri nümayiş olunur.

Mərasimdə açılış nitqi söyləyən Türkiyə Karikaturaçılar Dərnəyinin rəhbəri, memar Metin Peker qeyd etdi ki, Nazim hər birimizin bildiyi kimi, böyük vətən şairi idi və burada gördüyünüz əsərlər dünyanın məşhur karikaturaçılarının əməyi ilə ərsəyə gəlib.

Türkiyə Memarlar Odası Ankara Şöbəsinin sədri Tezcan Karakuş Candan böyük şairi Rusiya və Türkiyə arasında körpü adlandırdı və bildirdi ki, bu sərgi 3 iyunda Nazim Hikmətin vəfatının ildönümündə Moskvada da açılacaq.

Rusiyanın Türkiyədəki səfirliyinin mədəniyyət attaşesi Aleksandr Sotniçenko isə fikirlərini belə ifadə etdi: “Puşkin necə ki, Türkiyə üçün önəmlidir, Nazim Hikmət də Türkiyə üçün o qədər önəmlidir. Amma Rusiya və Türkiyə münasibətləri üçün Nazim Hikmət kimi önəmli faktor yoxdur”.

Digər çıxış edənlər də Nazim Hikmətin Rusiya-Türkiyə münasibətlərindəki yerindən, yaradıcılığından və sərginin əhəmiyyətindən bəhs etdilər.

Sonra Azərbaycan da daxil olmaqla dünyanın çox yerindən rəssamların çəkdikləri Nazim Hikmət karikaturalarına baxış keçirildi.

Mehparə SULTANOVA
Ankara