Martın 2-də Heydər Əliyev Sarayında “Qremmi”, “Emmi” və “Billbord” mükafatları laureatı Arturo Sandoval konsert proqramı ilə çıxış edəcək.

Caz pianoçusu və truba ifaçısı Arturo Sandoval zəmanəmizin görkəmli musiqiçilərindən biridir. Dizzi Gillespinin şagirdi olmuş Arturo Sandoval 12 yaşından klassik trubada ifa etməyə başlayıb və tezliklə caz dünyasını özünə heyran etməyi bacarıb. O vaxtdan Arturo caz trubasında və flügerhornda ifa edən məşhur musiqiçilərdən birinə, eləcə də pianoçu və bəstəkara çevrilib.

Sandoval truba və orkestr üçün konsertlərin müəllifidir. Onun hərtərəfli istedadını çoxsaylı ifaçılarla – Vudi Şo, Mişel Leqran, Coş Qroban, Toni Bennet, Bill Konti, Stan Getz, Conni Metis, Frank Sinatra, Pol Anka, Rod Stüart, Alişa Kiz və başqaları ilə birgə çıxışında da görmək mümkündür. Sandoval çoxsaylı filmlər üçün musiqi bəstələyib.