Ölkəmiz növbəti dəfə Nyu-York Moda həftəsində təmsil olunacaq. Dizayner Rüfət İsmayıl burada özünün “The Butterfly Effect” (“Kəpənək effekti”) adlı yeni kolleksiyasını nümayiş etdirəcək.
Rüfət İsmayıl hazırda ilk Azərbaycan və türk dizayneridir ki, onun kolleksiyaları moda dünyasının İtaliya, Dubay, İran, Beyrut moda həftələri kimi sanballı podiumlarında nümayiş etdirilib. “Fashion TV” kanalı onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri adlandırıb.
Xatırladaq ki, Azərbaycanı Nyu-York Moda həftəsində ilk dəfə məhz Rüfət İsmayıl təmsil edib. 2018-ci ilin sentyabrında burada onun «Power of fire» (“Alovun gücü”) kolleksiyası nümayiş etdirilib. Kolleksiya moda tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib.
Rüfət İsmayılın «Affair» brendinin moda dəfiləsi ikinci dəfə rəsmi olaraq Nyu-York Moda həftəsinin tədbirlər şəbəkəsinə daxil edilib. Dəfilə fevralın 13-də “Springs Studio”da təqdim ediləcək. Qeyd edək ki, burada müasir dövrün ən məşhur dizaynerlərinin nümayişləri təşkil olunur.
Azərbaycanlı dizayneri Nyu-Yorkda təqdim edəcəyi 34 modeldən ibarət «The Butterfly Effect» kolleksiyasını yaratmağa Şimali Amerikaya səfərlərindən birində gördüyü “Monarx” kəpənəyi ruhlandırıb: kəpənəyin qara, narıncı və ağ rəngli naxışları kolleksiya üçün istifadə olunan parçaların həm rənglərində, həm də strukturunda əksini tapıb.