Azərbaycan

19 yanvar 1873 – Azərbaycanın ilk maarifçi qadınlarından Həmidə xanım Əhmədbəy qızı Məmmədquluzadə-Cavanşir (1873 - 6.2.1955) Ağcabədi rayonunun Kəhrizli kəndində anadan olub.

19 yanvar 1923 – Əməkdar incəsənət xadimi Cavad Mirhaşım oğlu Mircavadov (1923 – 24.6.1992) Bakıda anadan olub. Müasir Azərbaycan təsviri sənətinin banilərindəndir.

 

20 yanvar 1882 - Şair Bədri Seyidzadə (Bədrəddin Mir Kazım oğlu Seyidzadə; 1882-1945) Bakının Keşlə kəndində anadan olub.

20 yanvar 1977 – Şair, publisist Zeynal Əliabbas oğlu Cabbarzadə (31.12.1920 -1977) vəfat edib. Uşaq və gənclər üçün çoxsaylı əsərlərin müəllifidir.

 

21 yanvar 1907 – Tarixçi və iqtisadçı, akademik Əlisöhbət Sumbat oğlu Sumbatzadə (1907 - 22.1.1992) Bakının Əmircan kəndində doğulub. Azərbaycan xalqının etnogenezinə dair tədqiqat əsərlərinin müəllifidir.

21 yanvar 1924 – Bəstəkar, Xalq artisti Şəfiqə Qulam qızı Axundova (1924 - 26.7.2013) Şəkidə doğulub. “Gəlin qayası” operasının, “Ev bizim, sirr bizim” operettasının, populyar mahnıların müəllifidir.

21 yanvar 1950 – Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub (1950 – 9.1.2016) Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində doğulub. “Könlümün səsi”, “Yolum eldən başlanıb”, “Od aldığım ocaqlar”, “Biz bir eşqin butasıyıq”, “Şairin taleyi” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin sədri (2008-2016) olub.

21 yanvar 2000 – Bəstəkar, Xalq artisti Süleyman Ələsgərov (22.2.1924 - 2000) vəfat edib. “Ulduz”, “Özümüz bilərik” operettaları, “Bahadır və Sona”, “Solğun çiçəklər” operaları, “Bayatı-Şiraz” simfonik muğamı və digər əsərlərin müəllifidir.

21 yanvar 2008 – Azərbaycan vokal sənətinin tanınmış nümayəndəsi, SSRİ Xalq artisti Lütfiyar İmanov (17.4.1929 - 2008) vəfat edib.

 

22 yanvar 1892 - Boyakar və qrafika ustası Bəhruz Kəngərli (1892-1922) Naxçıvanda anadan olub. Əsərlərində Vətənin gözəlliklərini tərənnüm edib. Müxtəlif janrlarda 500-ə yaxın əsəri muzeylərdə sərgilənir.

 

Dünya

19 yanvar 1809 – Amerika yazıçısı və şairi, ədəbiyyatşünas Edqar Po (Edgar Allan Poe; 1809-1849) anadan olub. Ədəbiyyatda detektiv-fantastik janrın yaradıcısı sayılır.

19 yanvar 1839 – Fransız postimpressionist rəssamı Pol Sezan (Paul Cezanne; 1839-1906) anadan olub.

19 yanvar 1848 – Alman bəstəkarı və musiqişünası Avqust Kreçmar (August Ferdinand Hermann Kretzschmar; 1848-1924) anadan olub.

19 yanvar 1865 – Rus rəssamı, portret janrının ustası Valentin Serov (1865-1911) anadan olub.

 

20 yanvar 1804 – Fransız yazıçısı Ejen Syu (Marie Joseph Eugene Sue; 1804-1857) anadan olub. “Parisin sirləri”, “Məhəbbət uşaqları”, “Əbədi Jid” və s. romanların müəllifidir.

20 yanvar 1920 – İtalyan kinorejissoru Federiko Fellini (Federico Fellini; 1920 - 31.10.1993) anadan olub. Beş dəfə “Oskar” mükafatına layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya gecələri”, “Şirin həyat”, “Səkkiz yarım” və s.

 

21 yanvar 1861 – Fransız rejissoru, dünya kinematoqrafının banilərindən biri Jorj Melyes (Maries-Georges-Jean Melies; 1861-1938) anadan olub. 1897-ci ildə yaratdığı “Star Film” studiyasında qısametrajlı filmlər çəkib.

21 yanvar 1906 – SSRİ Xalq artisti, məşhur baletmeyster İqor Moiseyev (1906-2007) anadan olub.

 

22 yanvar 1561 – İngilis filosofu, tarixçi, şair Frensis Bekon (Francis Bacon; 1561-1626) anadan olub.

22 yanvar 1729 – Alman klassik ədəbiyyatının banisi, dramaturq, incəsənət nəzəriyyəçisi Qothold Efraim Lessinq (Gotthold Ephraim Lessing; 1729-1781) anadan olub.

22 yanvar 1788 – İngilis şairi Corc Qordon Bayron (George Gordon Byron; 1788 - 19.4.1824) anadan olub. “Çayld Haroldun səyahətləri”, “Don Juan”, “Manfred” və s. poemaların müəllifidir.

22 yanvar 1898 – Rus rejissoru, kino nəzəriyyəçisi və pedaqoq Sergey Mixayloviç Eyzenşteyn (1898-1948) anadan olub. Məşhur filmləri: “Oktyabr”, “Aleksandr Nevski”, “İvan Qroznı”.

Hazırladı: Vüqar ORXAN