Varşavanın “Polşa Radio Konsert Studiyası”nda “Sinfonia Varsovia” simfonik orkestrinin konserti keçirilib.
Orkestrə Azərbaycanın Əməkdar artisti, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, eyni zamanda, Yeni Münxen Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimov rəhbərlik edib.
“Sinfonia Varsovia” orkestrinin rəhbəri Yanuş Marınovski tərəfindən dəvət olunmuş azərbaycanlı dirijorun idarəsi ilə keçirilən konsertin proqramında tanınmış polyak bəstəkarları Qrajina Batseviç, Miçıslav Vaynberq, görkəmli rus bəstəkarı Dmitri Şostakoviç və digər bəstəkarların əsərləri yer alıb.
Yüksək səviyyədə təşkil olunmuş konsert alqışlarla qarşılanıb.
Tədbir zamanı Varşava İncəsənət Akademiyasının rektoru Marçin Zqlinski Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovla görüşüb. O, Azərbaycan musiqisinə vurğunluğunu qeyd edərək, 2018-ci ildə Moskvada Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsertdə iştirak etdiyini vurğulayıb.