Görkəmli bəstəkar, Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operasının Akademik Opera və Balet Teatrının səhnəsində növbəti nümayişi tarixi faciəyə - 20 Yanvarın ildönümünə həsr olunub.
Əsər özündə Azərbaycan xalqının fikir və arzularını, vətənpərvərliyini və qələbəyə olan inamını tərənnüm edir. Operanın libretto müəllifi, akademik Nərgiz Paşayevadır.
Əsərdə əvvəlcə xoşbəxt ailəni görürük. Ailə Arif ilə Mələyin qarşıdakı toyuna hazırlaşır. Lakin Vətənimizin başı üzərini alan qara buludlar bu sadə və gözəl insanların ümid və arzularını həyata keçirməyə imkan vermir. Şəhərlər və kəndlər, çiçəkləyən bağçalar, ailə yuvaları dağıdılıb. Hər şey xaosa və tənhalaşmaya məruz qalıb. Nişan mərasimində “Qarabağ şikəstəsi”ni ifa etməsiylə yadda qalan ailənin kiçik övladı – gələcək Xilaskardan başqa bütün üzvləri həlak olur.
Operanın musiqisi ilk notlardan özünün dramatikliyi, lirik melodiyanın gözəlliyi, möhtəşəm xor səhnələri, orkestrin ustalığı ilə insanı ələ alır. Səhnədə baş verən faciəli hadisələri İnarə Babayeva (zərif Mələk), Fərid Əliyev (coşqun Arif), Əkrəm Poladov (alicənab Seyid kişi), Qərinə Kərimova (ailənin anası Əsli) bütünlüklə dərindən hiss edərək öz obrazlarını yaradıblar. İlham Nəcəfovun ifasında Gəlmə və Fəhmi Əhmədlinin ifasında İtkin mənfi obrazları da təsirlidir. Yaralı kəndçinin rolunu Tural Ağasıyev gözəl ifa edir.
Tərkibində yeni, gənc ifaçıların olmasına baxmayaraq, teatrın xoru (xormeyster – Sevil Hacıyeva) da öz ifası ilə tamaşaya ahəng qatırdı. Orkestri teatrın musiqi rəhbəri və baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edirdi. Səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.
F.Əlizadənin 2007-ci ildə yazdığı “İntizar” operası bir neçə quruluşda, o cümlədən konsert ifası formasında (dirijor – Xalq artisti Fəxrəddin Kərimov), Heydər Əliyev Sarayının səhnəsində tanınmış opera rejissoru, Rusiyanın Xalq artisti Dmitri Bertmanın rəngarəng əfsanəvi təqdimatında da nümayiş etdirilib. Son versiya akademik Nərgiz Paşayevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun layihəsi əsasında yaradılıb. Azadlıqsevər Azərbaycan xalqının faciəli və unudulmayan tarixi səhifələrinə həsr edilən operanın müxtəlif interpretasiyaları əsərin hələ də tükənməyən potensialını nümayiş etdirir.