Azərbaycan

23 yanvar 1878 – Əməkdar artist, teatr xadimi, rejissor Yunis Nuri (Yunis Hacı Süleyman oğlu Süleymanov; 1878 -5.1.1950) İrəvanda doğulub. İrəvan Azərbaycan teatrının yaradıcılarından biri olub.

23 yanvar 1927 – Xalq artisti, tanınmış rəqqas Böyükağa (Mirməmməd) Mircəfər oğlu Məmmədov (1927 – 17.1.2017) anadan olub. Filarmoniyanın Mahnı və Rəqs Ansamblının solisti olub. “Cücələrim” rəqs ansamblına rəhbərlik edib. Milli rəqs sənətimizin inkişafında xidmətlər göstərib.

23 yanvar 1946 – Əməkdar incəsənət xadimi, bəstəkar Həsənağa Əfrasiyab oğlu Adıgözəlzadə (1946 – 29.4.2018) Bakıda anadan olub. Kantata, simfoniya, süita və digər janrlarda əsərlər yazıb. Bursa Simfonik Orkestrinin ilk rəhbəri olub.

 

24 yanvar 1905 – Ədəbiyyatşünas alim Məmmədkazım Ələkbərli (1905-1938) Dərbənd şəhərində anadan olub. BDU-nun rektoru, Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin ilk sədri olub. “Azərbaycan ədəbiyyatı” kitabının müəllifidir.

24 yanvar 1909 – Xalq artisti, professional təhsil almış ilk azərbaycanlı dirijorlardan Əşrəf Həsən oğlu Həsənov (1909 - 9.8.1983) anadan olub.

24 yanvar 1922 – Aşıq Şakir (Şakir Şahverdi oğlu Hacıyev; 1922 - 10.4.1979) anadan olub.

 

25 yanvar 1887 – Yazıçı, ədəbiyyatşünas, pedaqoq Seyid Hüseyn (Hüseyn Mirkazım oğlu Sadıqzadə; 1887 - 6.1.1938) Bakıda doğulub. Bu gün də bədii təravətini saxlayan maraqlı hekayələrin müəllifidir. Repressiya qurbanı olub.

25 yanvar 1984 – Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov (4.8.1915 - 1984) vəfat edib. “Bəxtiyar”, “Bir qalanın sirri”, “Qatır Məmməd”, “Nəsimi”, “Əhməd haradadır?”, “Tütək səsi” filmlərində yaddaqalan obrazlar yaradıb.

 

Dünya

 

23 yanvar 1783 – Fransız yazıçısı, XIX əsrdə realist roman janrının banilərindən biri Anri Mari Stendal (Marie-Henri Beyle – Stendhal; 1783-1842) anadan olub. “Qara və qırmızı”, “Parma monastırı” və s. romanların müəllifidir.

23 yanvar 1832 – Fransız rəssamı, impressionizmin banilərindən biri Eduard Mane (Edouard Manet; 1832-1883) anadan olub.

23 yanvar 1903 – Rus kinorejissoru, SSRİ Xalq artisti Qriqori Aleksandrov (Mormonenko; 1903-1983) anadan olub. Sovet kinosunda ilk musiqili komediyaları (“Şən uşaqlar”, “Volqa-Volqa”) çəkib.

23 yanvar 1930 – Sent-Lusiya (Karib dənizində kiçik ada-dövlət) şairi və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1992) Derek Elton Uolkot (Derek Alton Walcott; 1930 – 17.3.2017) anadan olub. 70-ci illərdə ABŞ-a köçüb.

 

24 yanvar 1732 – Fransız dramaturqu Pyer Bomarşe (Pierre-Augustin Caron de Beaumarchais; 1732-1799) anadan olub. “Sevilya bərbəri”, “Fiqaronun evlənməsi” komediyalarının müəllifidir.

24 yanvar 1776 – Alman yazıçısı, bəstəkar, rəssam Ernst Teodor Vilhelm Amadey Hofman (Ernst Theodor Amadeus Hoffmann; 1776-1822) anadan olub. Əsərləri: “Şeytan eliksiri”, “Birələr hökmdarı” romanları, “Qızıl qazan” povesti, “Şelkunçik (findıqqıran – red.) və siçanlar kralı” nağılı (P.İ.Çaykovski nağıl əsasında balet yazıb).

24 yanvar 1848 – Rus rəssamı Vasili İvanoviç Surikov (1848-1916) anadan olub. Əsərləri: “Strelets edamının səhəri”, “Suvorovun Alp dağlarını aşması”, “Stepan Razin” və s.

 

25 yanvar 1759 – Şotland şairi Robert Berns (Robert Burns; 1759 - 21.7.1796) anadan olub. Bernsin şərəfinə 25 yanvar Şotlandiyada milli bayram günü kimi qeyd olunur.

25 yanvar 1832 – Rus rəssamı, peyzaj ustası İvan Şişkin (1832-1898) anadan olub. Məşhur əsərləri: “Ağcaqayın meşəsində səhər”, “Çovdar tarlası” və s.

25 yanvar 1874 – İngilis yazıçısı Uilyam Somerset Moem (William Somerset Maugham; 1874-1965) anadan olub. “Ehtiraslar yükü”, “Ay və quruş” romanlarının, “Teatr”, “Ülgücün tiyəsi” povestlərinin müəllifidir.

25 yanvar 1882 – İngilis yazıçısı Virciniya Vulf (Virginia Woolf; 1882-1941) anadan olub. Romanları: “Missis Delloey”, “Mayaka doğru”, “Orlando” və s.

25 yanvar 1938 – Rus şairi və müəllif mahnıları ifaçısı, aktyor Vladimir Vısotski (1938 - 25.7.1980) anadan olub. “Görüş yerini dəyişmək olmaz”, “İntervensiya”, “Çar Pyotr ərəbi necə evləndirdi” və s. filmlərə çəkilib.

Hazırladı:  Vüqar ORXAN