Tarixi-mədəni abidə kimi qorunur

Həyatda elə insanlar var ki, öz məqsədinə nail olmaq üçün heç bir çətinliklərə baxmır, daha çox çalışır və sonda arzusuna çatır. Belə insanlardan biri də fransalı poçtalyon Jozef-Ferdinand Şevaldır. O, 33 il müddətinə (1879-1912) böyük zəhmət bahasına öz arzusunu reallaşdırıb.

Jozef-Ferdinand Şeval 1836-cı ildə Fransanın Şarm kəndində kasıb ailədə anadan olub. Bir neçə il məktəbə getdikdən sonra 13 yaşında məktəbi yarımçıq qoyub çörəkçinin yanında işləyir. Ailə həyatı qurduqdan sonra isə həyat yoldaşı ilə birlikdə Otriv kəndinə köçür və orada poçtalyon işləməyə başlayır. O, vəzifə borcunu yerinə yetirmək üçün hər gün kilometrlərlə yol qət etməli olur. Hər dəfə poçtalyonluq edərkən bir-birindən gözəl sarayların yanından keçəndə arzulayırdı ki, nə vaxtsa onun da belə bir sarayı olsun. Bir dəfə yenə yol gedərkən ayağı daşa ilişir və yıxılır. Ayağa qalxıb daşı yerdən götürür və çaydaşının gözəlliyi onun çox xoşuna gəlir. Həmin an ağlına bir fikir gəlir ki, tikinti materialı alıb saray tikməyə imkanı olmasa da, təbiətin zənginliyindən istifadə edib gözəl saray tikmək olar. Bundan sonra Ferdinand hər gün yol gedərkən müxtəlif formalı daşları yığmağa başlayır. Beləliklə, o, müxtəlif hava şəraitində, hətta soyuqda belə, heç bir kömək olmadan, gecə-gündüz öz sarayını tikir.

Ferdinand 4 fasaddan ibarət “İdeal saray”ını 2 mərtəbəli (uzunluğu 26 metr, eni 14 və hündürlüyü 10 metr) tikir. Poçtalyon xristianlıqdan buddizmə kimi bütün dinləri, beş qitədəki mədəniyyətləri ayrı-ayrı fasadlarda təsvir edir. Sarayın tikintisinə şərq fasadından başlayır və “Yaşam qaynağı” adlı bulaq da inşa edir. Fasadın mərkəzində isə “fironlar kimi” dəfn olunmağı istədiyinə görə ikitağlı Misir məbədi inşa edir.

Ferdinand öz duyğularını Şimal fasadında daha qabarıq inşa edir. Qərb fasadında hindu məbədi, qala və məscid tikir. Cənub fasadında isə o, sarayın tikintisindən qalan daşların toplanıb saxlandığı bir muzey də yaradır. Bundan başqa, sarayı quş, fil, şir, ayı kimi bir çox heyvanın, div və pərilər kimi fantastik məxluqların fiqurları ilə bəzəyir. Divara “1879-1912, 10000 gün, 93000 saat və 33 il çətin əmək” yazısını da həkk etdirir.

Jozef-Ferdinand Şeval 1924-cü ildə, 88 yaşında vəfat edir və Hauterives məzarlığında, özünün inşa etdiyi “Səssizlik və sonsuz istirahət” sərdabəsində dəfn edilir.

1969-cu ildə “İdeal saray”ın Fransa hökuməti tərəfindən rəsmi olaraq mədəni və tarixi abidə kimi tanınmasında məşhur rəssam Pablo Pikassonun böyük rolu olur. Çoxlu turisti özünə cəlb edən sarayda hazırda məşhur müğənnilərin konsertləri və sərgilər keçirilir.

Səbinə ƏLİBALAQIZI