“Artım” layihə məkanı yanvarın 31-də “Perpendikulyar həqiqətlər” adlı sərgini təqdim edəcək.

“Artım rooms” layihəsinin üçüncü sərgisində rəssamlar Samir Ələkbərli, Vüsal Əhmədov, Aytən Qəribli, Şeyda Allahverdiyeva, Murad Əkbərli, Günel Axundlu və dramaturq İsmayıl İmanın (teatr rejissoru Tərlan Rəsulovla birgə) müstəqil layihələri nümayiş olunacaq.

Müəlliflər kvant fizikası qanunlarının təsiri, insanın daxili gücü və çətinlikləri haqda fərziyyələr, adət-ənənələrin interpretasiyası və region həyatının refleksiyası haqqında mövzulara fərqli baxış təklif edirlər.

Samir Ələkbərlinin “Kufikubizm” instalyasiyası Şirvanşahlar sarayı divanxanasının giriş divarında kufi xətti ilə “Allahu əkbər” əks olunmuş medalyona istinad edir. Dəqiq həndəsi hesablamalar əsasında yaradılan bu ornament, “Rubik kubu” vasitəsilə üçölçülü şəkildə təqdim olunur.

Rəssam Murad Əkbərlinin ekspressionistik tabloları ayrı-ayrılıqda bir hekayədir. Onun “Leyli və Məcnun” instalyasiyası Nizami Gəncəvinin eyniadlı poemasına olan müasir alleqoriyadır.

Vüsal Əhmədovun “Atalar üçdən deyib” instalyasiyası tamaşaçı qarşısında fəlsəfi suallar qoyaraq, indiki zamanın gələcəyin ən ideal formasına vizual keçidini nümayiş etdirməyə çalışır.

Aytən Qəribli və Şeyda Allahverdiyevanın birgə yaratdıqları “İncə xətt” interaktiv instalyasiya isə kvant fizikası qanunlarına əsaslanaraq gələcəyin keçmişə necə təsir etməsini vurğulayır.

İsmayıl İmanın “Əlaltı vasitələrlə səni necə xoşbəxt etməli” performansı baş qəhrəmanın bir neçə monoloqu üzərində qurulub. Tamaşanın əsas mahiyyəti müasir insanın “təcridolma” üsullarını araşdırır. Həmçinin perfomans zamanı qəhrəmanlar tamaşaçılarla birgə art obyekt yaradacaqlar. Quruluşun rejissoru Tərlan Rəsulovdur.

Günel Axundlunun “Mənbə” videoinstalyasiyası insan şüurunun gücünü dörd ünsür vasitəsilə açıqlamağa çalışır.