Xocalı soyqırımının ildönümü ilə bağlı uşaq rəsm müsabiqəsi

Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsi elan olunub.

Müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

15 yaşadək uşaqların qatıla biləcəyi müsabiqənin son qeydiyyat tarixi fevralın 8-də bitir. İştirak etmək istəyənlər öz əl işlərini xsm.2016@mail.ru elektron ünvanına göndərə bilərlər. Mövzu və düzgün kompozisiyaya, uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək.

Müsabiqə iki turdan ibarət olacaq. Münsiflər heyətinin seçimi əsasında birinci turdan keçmiş əsərlər Xətai Sənət Mərkəzində təşkil ediləcək sərgidə nümayiş olunacaq. Sonda qaliblər diplom və təşəkkürnamə ilə təltif ediləcəklər.