Tbilisidə azərbaycanlı şair Nurhafizin (Nurhafiz Hüseynov) şeirlər kitabı gürcü dilində işıq üzü görüb.

Şeirləri Gürcüstan Yazıçıları Milli Akademiyasının Azərbaycan bölməsinin rəhbəri Mirzə Məmmədoğlu (Maşov) sətri tərcümə edib. Sonra gürcü şairləri Koba Arabuli, Revaz Daneliya, Eter Zaridze, Temur Cumbaşvili və başqaları şeirləri poetik dilə çeviriblər.

1958-ci ildə Gürcüstanın Qardabani rayonunun Ağ Təhlə kəndində anadan olan Nurhafiz gürcü oxucularına yaxşı tanışdır. Onun şeirlərini ilk dəfə gürcü dilinə mərhum tərcüməçi Zezva Medulaşvili tərcümə edib. Z.Medulaşvili “Koroğlu” dastanını, Nəsimi, Molla Pənah Vaqif, Məmməd Araz, İsa İsmayılzadə və digər şairlərimizin əsərlərini gürcü dilinə tərcümə edib.

Kitabda Nurhafizin Zezva Medulaşvilinin tərcüməsində vaxtilə “Literaturuli Sakartvelo” (“Ədəbi Gürcüstan”) qəzetində və “Siskari” (“Dan ulduzu”) ədəbi jurnalında dərc olunmuş şeirləri də yer alıb.