Özbəkistanın paytaxtı Daşkənddə bir evin zirzəmisindən dəyəri milyon dollardan çox olan dəfinə aşkar edilib. Qiymətli maddi dəyərlər Özbəkistanın Milli Universitetinin alimləri tərəfindən aparılan qazıntılar zamanı aşkarlanıb.
Xəzinənin aşkar edildiyi bina 1870-ci ildə inşa edilib və zirzəmisindən tapılan nadir nümunələr qızıl və gümüş sikkələr, qızıl qablar, qədim rəsm əsərləri və qiymətli metallardan hazırlanmış zinət əşyalarından ibarətdir. Bundan əlavə, tapılan xəzinə nümunələrinin sırasında XV əsr Özbək (Türk) xanlığına aid onlarla sənəd də yer alır.
Tapıntıların tam siyahısı hələ ki, açıqlanmayıb. Ekspert qrupu ərazidə araşdırmaları davam etdirməkdədir. Əldə olunan artefaktların bərpa edilmək üçün Almaniya və Polşadakı laboratoriyalara göndərilməsi nəzərdə tutulub. Bir qisim nümunələr isə Daşkənd muzeyində sərgilənəcək.
Alimlər təxmin edirlər ki, xəzinə çar ordusunun generalı olmuş Jurabek və knyaz Nikolay Konstantinova aid ola bilər.
General Jurabek vaxtilə Daşkənddə bütün Türküstan üzrə zəngin Şərq əlyazmalarından ibarət ən böyük kitabxana toplaya bilmişdi. Tapılan eksponatların knyaz Nikolay Konstantinova məxsusluğu da ehtimal edilir. Belə ki, o, vaxtilə anasının qiymətli brilyantlarını oğurladığına görə 1881-ci ildə Peterburqdan Daşkəndə sürgün edilmişdi. Knyaz tərəfindən Peterburqdan toplanaraq Türküstana gətirilən Avropa və rus rəssamlarının əsərlərindən ibarət kolleksiya sovetləşmədən sonra Daşkənddə İncəsənət Muzeyi yaradılarkən onun əsas fondunu təşkil etmişdi. Knyaz həmçinin mərmər heykəltəraşlıq nümunələri, qədim silahlar və digər əntiq əşyalar kolleksiyasına sahib idi. Ölümündən sonra isə bu sərvəti sevimli şəhəri Daşkəndə vəsiyyət etmişdi.
L.AZƏRİ