“Gənclərə dəstək” layihəsində ilin ilk konserti maraqla qarşılandı

Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən “Gənclərə dəstək” layihəsi davam edir. Gənc musiqiçilərin iştirakı ilə konsert proqramları təşkil edilir, onların istedad və qabiliyyəti ictimaiyyətə təqdim olunur.

Layihə üzrə bu ilin ilk konsert proqramı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında reallaşdı.

Yanvarın 23-də təşkil olunan konsert proqramı “Qış kaleydoskopu” adlanırdı.

Gecədə Fikrət Əmirovun “Rəqs”, Tofiq Quliyevin “Sevinc mahnısı”, Yohann Sebastian Baxın “Polonez”, Robert Şumanın “Cəsur atlı”, “Melodiya”, Bela Kovaçın “Şalom”, Samuel Maykaparın “Postuşok”, Yohannes Bramsın “Rapsodiya” və başqa əsərlər səsləndirildi.

Konsert proqramında respublika və beynəlxalq müsabiqələr laureatları Fuad Babayev, Əsmər Alxasova, Xanım Quluzadə, Ayan Bəkirzadə (hamısı piano), Zəminə Nurullayeva (vokal), Asim Həsənzadə (klarnet), Cabir Əliyev (truba) və başqaları çıxış etdilər. Bir-birindən rəngarəng ifalar maraqla qarşılandı.

Qeyd edək ki, “Gənclərə dəstək” layihəsi çərçivəsində ötən il 20-dən artıq konsert proqramı təqdim edilib.

Fariz HÜSEYNOV