Xalça Muzeyində görmə qabiliyyəti məhdud olan insanlar üçün layihə
Azərbaycan Xalça Muzeyinin növbəti beynəlxalq layihəsi – “Tarixə və ənənəyə toxunuş” ekspozisiyası görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulub.
Fevralın 1-də açılışı keçiriləcək sərgi ölkəmizdə bu sahədə ilk sosial layihədir.
Mədəniyyət Nazirliyi, Xalça Muzeyi və “Azersun Holding” şirkətlər qrupunun təşkilatçılığı ilə hazırlanan Azərbaycan-Türkiyə birgə sərgi layihəsi bir ay – martın 1-dək davam edəcək. Layihə ASAN Radio, ASAN Könüllülük Məktəbi və “British Council”un dəstəyi ilə keçirilir.
Layihənin əsasını Türkiyənin GEA (“Ana torpaq”) Arama, Xilasetmə, Ekoloji və İnsani Yardım Təşkilatının səyyar sərgisi təşkil edir. Sərgi bir çox ölkələrdə nümayiş etdirilib.
Ekspozisiyada 15 əşya – dünya muzeylərinin məşhur eksponatlarının surətləri: gips miniatürlər, qədim yunan alimləri və mifik qəhrəmanların kiçik büstləri yer alıb. Azərbaycan Xalça Muzeyi öz növbəsində layihəni Ənənəvi texnologiya şöbəsinin toxucuları tərəfindən xüsusi olaraq bu sərgi üçün hazırladıqları xalça nümunələri ilə tamamlayacaq. Hər bir xalça növünün toxunuş müxtəlifliyini görmə qabiliyyəti məhdud olan insanlar taktil (toxunma) üsulla duya biləcəklər. Bundan əlavə, bütün eksponatlara xüsusi audioyazı və Brayl əlifbası ilə yazılmış materiallar əlavə olunacaq. Həmin audioyazı və materiallar Azərbaycan və ingilis dillərində təqdim ediləcək.
Sərgi çərçivəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün xovlu və xovsuz xalçaların toxunması və makrame üzrə ustad dərsləri də təşkil olunacaq.