Kinorejissor Oqtay Mir-Qasımın yeni filmi təqdim edildi

Fevralın 18-də Nizami Kino Mərkəzində tanınmış rejissor, Xalq artisti Oqtay Mir-Qasımın “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filminin təqdimatı keçirildi.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilən film XIX əsrin əvvəllərindən ölkəmizdə məskən salmış almanların 1941-ci ildə Orta Asiyaya sürgün olunmasından bəhs edir.
Təqdimatda çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov bildirdi ki, hər bir yeni film rejissor və yaradıcı heyətin tamaşaçılar qarşısında hesabatıdır. O, yeni ekran əsərinin maraqlı bir tarixə və mühüm mövzuya həsr olunduğunu dedi: “Azərbaycan tarixən tolerant, qonaqpərvər ölkə kimi tanınıb. Ölkəmizdə müxtəlif millətlərin nümayəndələri yaşayıblar və bizim bu millətlərə qarşı həmişə mehriban münasibətimiz olub. XIX əsrin əvvəllərində Azərbaycana köç edən alman icması da burada mehribanlıq, xoş münasibət görüb. Hörmətli rejissorumuz Oqtay Mir-Qasımın müraciət etdiyi filmin mövzusu da bu münasibətlərdən, iki xalqın birgə yaşayışından bəhs edir. Film bizim üçün yeni bir sözdür və sübut edir ki, Azərbaycanda həmişə tolerantlıq olub”.
Müşfiq Hətəmovun sözlərinə görə, rejissorun bu mövzuya müraciəti Azərbaycan incəsənət adamlarının təkcə özümüzün deyil, başqa xalqların problemlərinə də çox həssaslıqla yanaşdıqlarını bir daha sübut edir. Bizim incəsənət xadimlərimiz dünyaya inteqrasiyaya hazırdırlar və birgə layihələrimizi bundan sonra da təqdim edəcəyik.
Almaniyanın ölkəmizdəki səfirinin müavini Volfqanq Mössinger tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, filmin hər anında rejissorun alman xalqına məhəbbəti hiss olunur: “Filmin Azərbaycan-alman münasibətlərinə həsr olunması bizi sevindirdi. Çünki tarixin qara səhifələrinə baxmayaraq bizim xalqlar arasında həmişə sıx münasibətlər olub”.
Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət edildi. Rejissor Oqtay Mir-Qasım filmdə zəhməti keçən hər kəsə təşəkkürünü bildirdi. Filmin yaranma tarixi və adı ilə bağlı məlumat verən rejissor qeyd etdi ki, ekran əsərinin süjeti 30 ilə yaxın mənim ürəyimdə və beynimdə yaşayıb. Film “Didərginlik faciəsini yaşamış bütün insanlara ithaf olunur” sözləri ilə başlayır.
Azərbaycana almanların köçü XIX əsrin əvvəllərində başlanıb. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza gələrək bu ərazilərdə məskunlaşırdılar. 1819-cu ildə Vürtemberq krallığından (Almaniyanın indiki Baden-Vürtemberq əyaləti) gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanın - Helenendorf qəsəbəsinin (indiki Göygöl şəhəri) əsasını qoyurlar. Bir neçə nəsil dəyişir, almanlar yerli əhali ilə qaynayıb-qarışırlar. 1941-ci ildə Azərbaycanda yaşayan 20 minə yaxın alman Stalinin əmri ilə sürgün edilir.
Filmdə o hadisələrlə yanaşı, müasir zaman da təsvir edilir. Çəkilişlər hadisələrin cərəyan etdiyi məkanlarda - Bakıda, Göygöl rayonunda, Tbilisidə və Gürcüstanın Yuxarı Svanetiya bölgəsinin dağ kəndlərində, Almaniyanın Bukof şəhərində aparılıb. Film tamaşaçının gözləmədiyi, ağlına gətirmədiyi sonluqla bitir. Ekran əsərində məktublar, etiraflar, xatirələr, insanın hiss və yaşantıları əks olunur.
Filmin ssenari müəllifi Oqtay Mir-Qasım, quruluşçu operatoru Nikolay İvasiv (Rusiya), quruluşçu rəssamı Vaja Calaqaniya (Gürcüstan), bəstəkarı Elmar Feldir (İsrail).
Filmdə Ramiz Əzizbəyli, Ayan Mir-Qasım, Qurban İsmayılov, Bəxtiyar Xanızadə, almaniyalı aktyorlar Ulrix Rexenbax, Yekaterina Şmidt, gürcüstanlı aktyorlar Gia Caparidze, Levan Boçorişvili və başqaları çəkiliblər.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar