Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin 70 illik yubileyi münasibətilə “Sənətşünas taleyi” kitabı çapdan çıxıb.
“Letterpress” nəşriyyat evində çap olunan kitaba sənətşünasın müxtəlif illərdə qəzet və jurnallarda çap olunmuş məqalələri, sənət haqqında fikirləri daxil edilib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru A.Xəlilovun redaktor olduğu kitab “Keçmişə salam”, “Bir əsərin tarixçəsi”, “Müasirlərimiz” və “Düşüncə quraması” bölmələrindən ibarətdir.
Ziyadxan Əliyev 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirib. Sonra İ.Y.Repin adına Sankt-Peterburq Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun Sənətşünaslıq fakültəsində (1976-1982) təhsil alıb. 1980-ci ildən 1993-cü ilədək Azərbaycan Milli İncəsənət Muzeyində əvvəlcə elmi işçi, sonra Qərbi Avropa və rus incəsənəti şöbəsinin müdiri vəzifəsində çalışıb. Sənətşünasın təşəbbüsü və axtarışları nəticəsində 1989-cu ildə muzeydə ilk dəfə xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Əzizim Vətən yaxşı...” adlı sərgi təşkil olunub.
Sənətşünas 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. İttifaqın Tənqid və sənətşünaslıq bölməsinin sədri kimi milli incəsənətimizi fəal şəkildə təbliğ edir. 20-dən çox monoqrafiyanın, yüzlərlə elmi-publisistik məqalənin müəllifidir. Yaradıcılığının öyrənilməsinə ömrünün 30 ilini həsr etdiyi Xalq rəssamı Səttar Bəhlulzadə haqqında “Sənətin Məcnunu” kitabı xüsusi qeyd edilməlidir.
Ziyadxan Əliyevin gənc sənətşünasların yetişməsində mühüm xidmətləri var. Uzun müddət Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində incəsənət tarixi fənnindən dərs deyən Ziyadxan Əliyev hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında çalışır.