Akademik Yaqub Mahmudovun “Seçilmiş əsərləri”nin təqdimatı oldu

Yanvarın 30-da Milli Kitabxanada AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, Əməkdar elm xadimi, akademik Yaqub Mahmudovun 15 cildlik “Seçilmiş əsərləri” və “Yaqub Mahmudov. Biblioqrafiya” kitablarının təqdimatı keçirildi. Tədbir Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşdı.

Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq müasir Azərbaycan tarixşünaslığının görkəmli nümayəndəsi, akademik Yaqub Mahmudovu tələbəlik illərindən tanıdığını, onun necə qayğıkeş, vətənsevər  bir alim olduğu dedi. Bildirdi ki, alimin zəngin yaradıcılığını əks etdirən, uzun illərin bəhrəsi olan və 15 cilddə nəşr edilən “Seçilmiş əsərləri” tarix elminə böyük töhfədir. Bu kitablar gələcək nəsillərin, gənc tarixçilərin, tədqiqatçıların istinad edəcəkləri mühüm mənbəyə çevriləcək.

Qeyd olundu ki, “Yaqub Mahmudov. Biblioqrafiya” kitabında alimin elmi fəaliyyətə başladığı gündən 2018-ci ilə qədər işıq üzü görmüş əsərləri – monoqrafiya və kitabları, dərslikləri, məqalələri, çıxışları, müsahibələri və digər materiallar yer alıb.

Direktor onu da diqqətə çatdırdı ki, Yaqub Mahmudov ölkə tarixşünaslığında yeni bir məktəb yaradıb və bu məktəbin nümayəndələri Azərbaycan elminə və dövlətçiliyinə xidmət edən tədqiqatlar, araşdırmalar aparırlar.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Yaqub Mahmudovun nəfis tərtibatda işıq üzü görmüş seçilmiş əsərlərinin tariximizlə bağlı həqiqətləri özündə əks etdirən əhəmiyyətli elmi mənbə olduğunu dedi. Bildirdi ki, görkəmli alim 1966-cı ildən bu günümüzə qədər mühüm elmi araşdırmalar aparıb, Azərbaycan tarixşünaslığını zənginləşdirib. Alimin bu gün təqdim olunan külliyyatında qədim və orta əsrlər Azərbaycan tarixi, Azərbaycan diplomatiyası, ölkəmizin tarixi əlaqələri, müstəqillik tariximiz və dövlətçilik salnaməmizdə müstəsna rol oynayan ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti öz əksini tapıb.

Vaqif Əliyev alimlə bağlı xatirələrini bölüşdü. Qeyd etdi ki, Yaqub müəllimin qəlbi daim Azərbaycan həqiqətləri ilə döyünüb: “O, daim çalışıb ki, bu həqiqətlər bütün dünyaya çatsın. Yaqub Mahmudovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək “Şöhrət” və “Şərəf” ordenlərinə, Əməkdar elm xadimi kimi yüksək ada layiq görülüb. Ona bundan sonrakı elmi yaradıcılığında uğurlar arzu edirəm”.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova çıxışında Yaqub Mahmudovun hər bir əsərində milli maraqlarımızın əks olunduğunu söylədi. Qeyd etdi ki, alim Azərbaycan tarixşünaslığında yeni bir elmi istiqamət yaradıb. Onun çoxsaylı tələbələri, rəhbərlik etdiyi kollektiv bu məktəb çərçivəsində fəaliyyət göstərirlər.

Milli Məclisin deputatı, tarixçi, professor Fəzail İbrahimli Yaqub Mahmudovun milli dövlətçilik tariximizdə əhəmiyyətli rol oynamış ən mühüm tarixi mərhələləri araşdırdığını vurğuladı. Bildirdi ki, o, Ağqoyunlu və Səfəvi dövlətlərinin xarici siyasəti və diplomatik əlaqələri, Azərbaycan diplomatiyasının tarixi, xalqımızın etnik siyasi tarixi, dövlətçilik ənənələri və intibah mədəniyyəti, Qarabağ, Naxçıvan və İrəvanın etnik və siyasi tarixi, iqtisadi inkişaf mərhələləri, mədəniyyəti, Heydər Əliyev şəxsiyyəti, onun zəngin irsinin və ideyalarının davamçısı olan Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətinin uğurlarını Azərbaycan dövlətçiliyinin tarixi fonunda tədqiq edib.

Millət vəkili, professor Elman Nəsirli, professor Anar İsgəndərov, Tarix İnstitutunun direktor müavinləri, professor Cəbi Bəhramov, tarix üzrə elmlər doktoru Tofiq Nəcəfli görkəmli alimin pedaqoji fəaliyyətindən, geniş araşdırmalarından söhbət açdılar. Bildirildi ki, bu əsərlər alimin ən böyük sərvətidir. Dövr, zaman dəyişsə də, bu əsərlər öz dəyərini və aktuallığını itirməyəcək.

Sonda akademik Yaqub Mahmudov tədbir iştirakçılarına, Milli Kitabxananın kollektivinə minnətdarlıq etdi. Bir alim kimi uğur qazanmasının ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinə layiqli diqqət və qayğısının nəticəsi olduğunu, bu gün bu siyasətin Prezident İlham Əliyevin uğurla davam etdirdiyini diqqətə çatdırdı. Akademik ötən illərdə Tarix İnstitutunun 13 əməkdaşının Dövlət mükafatına layiq görüldüyünü və bundan qürur hissi keçirdiyini söylədi.

Tədbirdə həmçinin AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun 2018-ci ildə nəşr etdirdiyi kitabların kolleksiyası Milli Kitabxanaya təqdim edildi.

Savalan FƏRƏCOV