İlk dəfə keçirilən İtaliya-Azərbaycan Beynəlxalq film festivalı başa çatdı

Xəbər verdiyimiz kimi, yanvarın 25-dən 30-dək Bakıda İtaliya-Azərbaycan Beynəlxalq film festivalı təşkil olunmuşdu.

Festivalda italyan filmləri ilə yanaşı, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan ekran əsərləri – Şamil Əliyevin “Çölçü”, Mirbala Səlimlinin “Qırmızı bağ”, Elçin Musaoğlunun “Nabat”, həmçinin “Azərbaycanfilm”in “Butafilm” kinoşirkəti ilə birgə çəkdiyi “Nar bağı” filmləri nümayiş olundu.

Yanvarın 30-da Nizami Kino Mərkəzində festivalın bağlanışı və qalib ekran əsərlərinin mükafatlandırma mərasimi keçirildi. Mərasimdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, İtaliya və Azərbaycan kinematoqrafçıları, kinosevərlər iştirak edirdi.

Tədbirdə ilk dəfə təşkil olunan festival barədə məlumat verildi. Bildirildi ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, İtaliyanın “İmago Group”, “United Cultures” və “Sandro Teti Editore” şirkətlərinin birgə dəstəyi ilə reallaşan festival İtaliya və Azərbaycanın kino sənayesinin keçmişi, bu günü və gələcəyini təbliğ etmək məqsədi daşıyır. Festival iki ölkənin film sənayesinin oxşar və fərqli cəhətlərini nümayiş etdirməklə beynəlxalq kino məkanının fəaliyyətini təşviq edir.

İtaliyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və “The Landmark” tərəfindən dəstəklənən festival çərçivəsində hər iki ölkənin mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən seçilmiş 15 müasir film bir neçə seansda nümayiş olunub.

Sonra festivalın qalibləri elan olundu.

Qaliblərin mükafatlandırılması zamanı mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ilk dəfə təşkil edilən İtaliya-Azərbaycan film festivalını yüksək dəyərləndirdi. O, festivalın hər iki ölkənin kino sahəsində çalışan mütəxəssisləri üçün faydalı olacağını və gələcəkdə bu əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu ifadə etdi, festivalın qaliblərinə yeni uğurlar arzuladı. 

Müvafiq nominasiyalar üzrə qalib filmlərə, kinematoqrafçılara mükafatlar təqdim olundu. Mükafatları münsiflərlə yanaşı, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, əməkdar incəsənət xadimləri - “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov və kinoşünas Ayaz Salayev təqdim etdi.

Mükafatlandırma mərasimində iştirak edə bilməyən qaliblər Nizami Kino Mərkəzinin səhnəsində quraşdırılan monitordan canlı bağlantı ilə festivalın təşkilatçılarına və münsiflər heyətinə təşəkkürlərini bildirdilər.

“Ən yaxşı Azərbaycan filmi” nominasiyasında “Nabat” (rejissor Elçin Musaoğlu) və “Ən yaxşı İtaliya filmi” nominasiyasında “L Assaluto Presente” (rejissor Fabio Martina) qalib elan edildi.

“The Bra” filmi (alman rejissor Veit Helmer) “Ən yaxşı beynəlxalq film” nominasiyasında mükafat aldı. “Ən yaxşı beynəlxalq sənədli film” isə “The Orphanage” (rejissor Matthieu Haag, Fransa) oldu.

“Appenino” (rejissor Emiliano Dante) “Ən yaxşı sənədli italyan filmi”, “Çövkən” (rejissor Rafiq Quliyev) “Ən yaxşı Azərbaycan sənədli filmi” nominasiyalarında mükafata layiq görüldü.

Festivalın “Ən yaxşı aktyor” nominasiyanın qalibi “Mən də gəlirəm” filmində rol alan aktyor Gabriele Dentoni (İtaliya) oldu. Con Helberg isə “Mousse” filminə (İtaliya) görə “Ən yaxşı rejissor” elan edildi.

“Ən yaxşı operator” nominasiyasında Maksim Drozdov (“Qırmızı bağ” filmi –  Azərbaycan) mükafatlandırıldı. “Ən yaxşı film musiqisi” üzrə qalib isə Firudin Allahverdi (“Nar bağı”) oldu.

Qaliblərə “Zoroaster award” mükafatı təqdim edildi. Xüsusi “Birlik və sosial həmrəylik” mükafatı isə “Figliodi” filminə görə italyan rejissorlar Filippo Gori və Andrea Vannaçiyə verildi.

Sonda festivalın prezidenti Remo Girone kino bayramının uğurla reallaşmasında əməyi olan bütün təşkilatlara təşəkkürünü bildirdi. Festivalı dostluq və əməkdaşlıq bayramı adlandıran aktyor ölkəmizə və Azərbaycan kinosuna uğurlar arzuladı.

Lalə AZƏRİ