Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc qanun ifaçısı, Əməkdar artist Çinarə Heydərovanın solo konserti keçirildi.

Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti, professor Ağaverdi Paşayev çıxış edərək ifaçının yaradıcılığı haqqında fikirlərini bölüşdü. Bildirdi ki, Çinarə Heydərova 16 yaşından orkestrdə çalışmağa başlayıb və öz istedadı ilə diqqəti cəlb edib. O, gözəl musiqi duyumu və qanun alətinə sevgisi sayəsində bu gün bir çox uğurlara imza atıb. Bildirildi ki, Çinarə Heydərova Bülbül adına Orta ixtisas musiqi məktəbinin fortepiano sinfində dörd il təhsil aldıqdan sonra öz arzusu ilə qanun alətini seçib: “Görünür, ifaçı bu seçimi ilə heç də səhv etməyib. Çünki bu gün o, muğamın və Azərbaycan xalq musiqisinin ölkəmizdən kənarda təbliğinə öz töhfələrini verir. Əbəs deyil ki, onun qanun alətində bacarıqlı ifası bəstəkar Dadaş Dadaşovun nəzərindən kənarda qalmayıb və qanun aləti üçün “Çinarənin sevinci” əsərini ifaçıya həsr edib. Musiqiçinin istedadı dövlətimiz tərəfindən də qiymətləndirilib, Əməkdar artist fəxri adına layiq görülüb”.

Ağaverdi Paşayev onu da  bildirdi ki, ifaçı çox az sayda musiqiçilərdəndir ki, həm solist, həm də orkestrlə yüksək səviyyədə işləyə bilir: “Bu gün biz çox sevinirik ki, Çinarə Heydərova həm gözəl ansambl ifaçısı, həm orkestr, həm də savadlı pedaqoq kimi fəaliyyət göstərir. O həm də dirijorluq ixtisasına tam yiyələnmiş musiqiçidir”.

Daha sonra Çinarə Heydərova Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Azərbaycan bəstəkarları N.Əliverdibəyov, H.Xanməmmədov, S.Ələsgərov, F.Əmirov, Z.Bağırov və bir sıra Avropa bəstəkarlarının əsərlərini səsləndirdi. “Şüştər” muğamı və Çinarə Heydərovanın tələbəsi Solmaz Rəhimova ilə duetdə ifa etdiyi İ.Albenisin “Asturiya əfsanəsi” əsəri və digər musiqi nömrələri böyük maraq və alqışlarla qarşılandı. Proqramın sonunda isə D.Dadaşovun “Çinarənin sevinci” əsəri səsləndi.

Sonda Çinarə Heydərova “Gənclərə dəstək” layihəsinə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi, konsertin təşkilində dəstəyə görə Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəhbərliyinə, Q.Qarayev adına Dövlət Kamera Orkestrinə, Milli Konservatoriyanın rəhbərliyinə minnətdarlığını ifadə etdi.

Lalə AZƏRİ