Fevralın 26-da - Xocalı faciəsinin ildönümündə Nizami Kino Mərkəzində “Mən evə qayıdıram” filminin təqdimatı keçiriləcək. Təqdimat öncəsi filmin rejissoru Samir Kərimoğlu ilə görüşüb yeni ekran əsəri və ümumilikdə yaradıcılığı barədə söhbət etdik.

Samir Kərimoğlu rejissorluq fəaliyyətinə 2002-ci ildə çəkdiyi kliplə başlayıb, həmin ekran işi 2003-cü ildə keçirilən Beynəlxalq Audiovizual Festivalda diploma layiq görülüb. İlk uğurdan ruhlanan rejissor bir-birinin ardınca fərqli reklam çarxları, kliplər və sənədli filmlər çəkir. 2005-ci ildə çəkməyə başladığı “Sirat körpüsu” filmi rejissor kimi ilk tammetrajlı filmi olur. 2007-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan - bu ekran” müsabiqəsi çərçivəsində Orxan Fikrətoğlunun ssenarisi üzrə “Qanadlarıma sığal çək” adlı növbəti filmini lentə alır. Psixoloji triller janrında olan ekran əsəri 2008-ci ilin martında müsabiqənin digər filmləri ilə birgə təqdim olunur və birincilik qazanır. Film mütəxəssislərin marağına səbəb olur.
2008-ci ildə Samir Kərimoğluna tammetrajlı bədii filmin çəkilişi həvalə edilir. Kino tariximizdə dövlət sifarişi almış ilk gənc kinorejissor kimi “Niyyət” filminin çəkilişlərinə başlayır. Maraqlı mövzu və süjet xətti olan film kino mütəxəssisləri tərəfindən təqdirlə qarşılanır.
“Mən evə qayıdıram” filmini də rejissorun növbəti uğuru adlandırmaq olar. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında istehsal olunan film hərbi-vətənpərvərlik mövzusundadır. Ekran əsərinin ssenari müəllifi İsmayıl Səfərəliyev, icraçı prodüseri Nazim Hüseynov, quruluşçu operatoru Ayxan Salar (Almaniya), quruluşçu rəssamı Əziz Məmmədovdur. Filmdə xalq artistləri Yaşar Nuri, Fuad Poladov, aktyorlar Elçin Mehdi, Kamran Ağabalayev, Azər Aydəmir və başqaları rol alıblar.
Rejissor filmin yaranma tarixi və ideyası haqqında danışdı:
- “Mən evə qayıdıram” filminin maraqlı yaranma tarixçəsi var. “Niyyət” filmindən tanıdığımız Fuad Axundov bir gün mənə dedi ki, Kiyevdə yaşayan dostum İsmayıl Səfərəliyevin çox gözəl yazıları var, bəlkə baxasan. Həmin ərəfədə Mədəniyyət və Turizm Nazirliyi vətənpərvərlik mövzusunda ssenariləri qəbul edirdi. Bildirdim ki, dostunun bu mövzuda ssenari və ideyası varsa, göndərsin. İsmayılın sinopsisinə baxdm, xoşuma gəldi. Xahiş etdim ki, onu Mədəniyyət və Turizm Nazirliyinə təqdim etsin. Belə də oldu. İdeya bəyənildi, ssenari yazıldı və ilin ən yaxşı ssenarisi seçildi. Nazirlik filmi çəkməyi qərara aldı və 2011-ci ildə “Mən evə qayıdıram” istehsalata buraxıldı.
Film Qarabağ müharibəsinin əvvəlində rus (sovet) ordusunda xidmət edən, sonra Vətənə qayıdıb ölkəmizin ərazi bütövlüyü uğrunda savaşa qoşulan hərbi təyyarəçimizin qəhrəmanlıq hekayəsindən bəhs edir. Film baş qəhrəman Tərlan Seyidzadənin simasında hərbi təyyarəçilərimizə, Qarabağda şəhid olmuş igid şahinlərimizə həsr edilib.
- Filmə aktyor heyətini necə seçdiniz?
- Öncəki filmlərimdə olduğu kimi, bu dəfə filmdə professional aktyorlarla yanaşı, qeyri-professionallar da yer alıblar. Mənim üçün seçimdə əsas məqam ssenaridəki rola uyğun obrazın tapılmasıdır.
- Filmin təqdimatının Xocalı faciəsinin ildönümünə düşməsi də əlamətdardır.
- Düzü, nazirliyin filmin təqdimatını Xocalı soyqırımı günündə keçirmək qərarını eşidəndə çox sevindim. Bu o deməkdir ki, fevralın 26-da bizim ərsəyə gətirdiyimiz filmlə Xocalı faciəsi qurbanları, Qarabağ müharibəsinin şəhidləri, qəhrəmanları yad olunacaq. Necə təsadüfdürsə, filmin ilk çəkiliş günü də məhz bu tarixə düşmüşdü.
- Sizcə, tamaşaçılar filmi necə qəbul edəcəklər?
- Tam səmimi deyə bilərəm ki, bəzi çatışmazlıqlara baxmayaraq film alınıb. Filmi hörmət etdiyim rejissorlara, aktyorlara, kino mütəxəssislərinə göstərmişəm və rəyləri müsbət olub. Filmi mütəxəssislərə göstərməyimin səbəbi buraxdığım səhvləri aradan qaldırmaq idi. Hər bir rejissor öz filmində haradasa, nəyisə gözdən qaçıra bilər. Bu baxımdan kənardan mütəxəssis rəyi çox vacibdir.
- Son illər çəkilən filmlərlə bağlı fikirləriniz? Artıq 40 yaşın astanasına qədəm qoyan rejissor kimi daha gənc həmkarlarınızın fəaliyyətini necə qiymətləndirirsiniz?
- Son illər müxtəlif janrlarda, üslublarda çox filmlər çəkilir ki, bu da müsbət göstəricidir. İnanıram ki, kino sahəsi getdikcə daha da təkmilləşəcək və keyfiyyət daha da artacaq. Bu gün gənc rejissorlar yetişir və onlar müasir texnologiyaların filmlərdə istifadə qaydasını daha yaxşı qavrama və istifadə etmə bacarığına malikdirlər. İnanıram ki, gələcəkdə bu öz nəticəsini göstərəcək.
- Hazırda hansı layihələriniz var?
- Bu yaxınlarda Azərbaycan Dövlət Musiqili Teatrının rəhbəri Əliqismət Lalayevdən teatrda nağıl-tamaşaya quruluş vermək təklifi almışam. Hazırda Rəşad Süleymanoğlu ilə birlikdə “Məlikməmməd - zülmətdən nura” adlı müzikl-nağılın üzərində çalışırıq.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar