II yazı

(I yazı qəzetimizin 16 yanvar 2019-cu il tarixli sayında)

“Arşın mal alan” – 1965

Ta qədimdən sənət biliciləri əmindirlər: klassik əsərlərin bütün dövrlərdə öz ifaçısı və öz tamaşaçısı olmalıdır. Həqiqətən, klassik əsər ona görə klassik sayılır ki, bütün nəsillər ona maraq göstərir, onu oxuyur, ifa edir və s. Daha çox teatra xas olan bu cəhətə kinematoqrafda da rast gəlmək olur. Dünya kino tarixində bir neçə dəfə ekranlaşdırılmış onlarla film göstərmək olar. Belə ekran əsərləri bir qayda olaraq məşhur romanların, pyeslərin motivləri əsasında çəkilən kinolentlərdir. Təkrar-təkrar ekranlaşdırılan əsərlər cərgəsində “Üç muşketyor”, “Anna Karenina”, “Romeo və Cülyetta”, “Hamlet” və digər məşhur roman və dramların adını çəkmək olar. Musiqili əsərlərin ekran həyatından danışası olsaq, İmre Kalmanın, Yohann Ştrausun, İsaak Dunayevskinin operettaları dünya üzrə siyahıda ilk yerləri tutmuş olar. Bu xüsusda bizim də deməyə sözümüz, göstərməyə filmimiz var: 1945-ci ilin məşhur ekran əsərindən 20 il sonra rejissor Tofiq Tağızadənin ekranlaşdırdığı ikinci “Arşın mal alan” filmi...

1965-ci ildə, Üzeyir Hacıbəylinin anadan olmasının 80 illik yubileyi münasibətilə çəkilmiş “Arşın mal alan” filmi ekranlara çıxdı. Üzeyir bəyin musiqisi kimi onun operettaları əsasında çəkilmiş hər iki filmə əbədi aşiq Azərbaycan ictimaiyyəti bu ekranlaşdırmanı birmənalı qarşılamadı. O vaxtadək rejissorluq fəaliyyəti rəğbətlə qarşılanmış, çox sevilən “Görüş” və “Uzaq sahillərdə” filmlərini çəkmiş Tofiq Tağızadənin yeni ekran işi bir neçə səbəbdən qınaq doğurmuşdu.

Əsas iradlar operettanın süjet xəttinə müdaxilə ilə bağlı idi. Yəni elçi gələn Süleyman bəyin Asyanı görüb bəyənərkən onu Gülçöhrə zənn etdiyindən qızı özü üçün istəmək fikrinə düşərək, tezcə də fikrindən dönməsi, yenə də onun yanlışlıq üzündən Gülçöhrənin əvəzinə Asyanı qaçırması, filmin, operettada olduğu kimi, Əsgərin məşhur “Nalədəndir ney kimi avazeyi eşqim bülənd” ariyası əvəzinə Gülçöhrənin üzü görünmədən onun ariyası ilə başlaması irad tutuldu. Quruluşçu rejissorun aktyorları düzgün seçməməsi, onlara obrazın mahiyyətini düzgün anlatmaması kimi iradlar da vardı.

Lakin Tofiq Tağızadə filmdə hadisələri dekorasiya fonundan çıxararaq təbiətin qoynuna aparmış, Göygölü, Qubanı, eləcə də Bakının görməli yerlərini ekrana gətirmişdi. Düzünə qalsa, birinci “Arşın mal alan” filmdən daha çox ekranlaşdırma, ikinci isə daha çox film idi. Əsərə artırılan bəzi səhnələr, o cümlədən arşınmalçı Əsgərin küçədə başına gələnlər, səhvən qız qaçırma səhnəsi kino estetikası və texnikasından daha uğurlu bəhrələnmə nümunələri sayılmalıdır. Süleymanın (Hacımurad Yagizarov) Asyaya gözü düşməsi, eləcə də Soltan bəyin (Ağadadaş Qurbanov) qulluqçu qız Tellini xalça yuyarkən görəndə bir anlığa baxışlarını idarə edə bilməməsi filmin yaradıcılarına irad tutulurdu. Olsun ki, bu iradlara bir qədər haqq qazandırmaq olar. Lakin nəzərə alsaq ki, Üzeyir bəy öz komediyalarında heç vaxt ideal obraz yaratmaq niyyətində olmayıb, obrazların konkret situasiyada belə davranışı anlaşılandır. Digər yersiz iradlardan biri kimi isə Cahan xala roluna çox cavan Nəcibə Məlikovanın çəkilməsi idi. Qəribədir ki, Münəvvər Kələntərli (1912-1963) birinci “Arşın mal alan”da Cahan xala roluna çəkiləndə 33 (!) yaşında idi, Nəcibə Məlikovanın  (1921-1992) Cahan xalası isə 44 yaşında. Ola bilsin ki, filmdəki gənc bəy qızları  rollarında çəkilən Xuraman Hacıyeva və Leyla Şıxlinskaya istər zahiri gözəllik, istərsə də öz obrazını daha təbii yaşayıb çatdırmaq baxımından istedadı parlamış təcrübəli aktrisanın kölgəsində qalırdılar deyə, Nəcibə xanım ekranda daha gözəl və daha cavan görünürdü. Bu filmdən sonra uzun illər yaşayıb çalışan Xalq artisti Nəcibə Məlikova sübut edəcəkdi ki, yaş artdıqca da təravətli və cavan görünmək mümkündür.

Aktyor seçiminə gəlincə, Xoreoqrafiya məktəbinin 18 yaşlı şagirdi Leyla Şıxlinskayanın Gülçöhrəsi, həqiqətən də, bir obraz olaraq çox zəif idi. Vəli rolunda çəkilmiş mərhum Tələt Rəhmanov bu filmdən sonrakı bütün rollarında müəyyən qədər Vəlini təkrar edəcəkdi.

 

“Qayınana”: ekrandan ekrana

 

1960-70-ci illəri Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) qızıl dövrü adlandırmaq olar. Məhz həmin illərdə Sabit Rəhmanın, Şıxəli Qurbanovun, Salam Qədirzadənin, Məhərrəm Əlizadənin, Seyfəddin Dağlının, Əliağa Kürçaylının və Məcid Şamxalovun pyesləri əsasında hazırlanmış bir-birindən bol təbii gülüşlü, məzmunlu tamaşalar anşlaq keçirdi. Adını çəkdiyimiz müəlliflərin yaratdıqları qəhrəmanların düşdükləri situasiyalar o qədər komik, həmin pyeslərə bəstələnən musiqilər o qədər mükəmməl, tamaşaların səhnə interpretasiyası o qədər baxımlı, aktyor ifası elə rəngarəng idi ki, əksər əsərlərdə gülüş hədəfinin melodramatik-məişət çərçivəsindən çıxa bilməməsi, şirin və qərəzsiz yumorun acı gülüşü, amansız satiranı üstələməsi qabarıq hiss olunmurdu.

1957-ci ildə bədii verilişlər sahəsində ilk addımlarını atan Azərbaycan Televiziyasında arada pyes yazan teatr aktyoru Məcid Şamxalovun “Qayınana” pyesi teletamaşa kimi oynanıldı və təbii ki, yaşyarımlıq televiziyanın texniki imkanlarının məhdudluğu baxımından lentə alınmadı. Lakin əsərin sorağı tezliklə azərbaycanlıların standart qayınana-gəlin münasibətinə oxşar mühitdən – Özbəkistan, Türkmənistan, Tacikistan, hətta Rusiyanın Dağıstan və Çeçen-İnquş respublikalarındakı teatrlardan gəldi. 1959-cu ildə isə Bolqarıstandakı bolqar və türk teatrları da bu əsərə müraciət etdilər.

Nəhayət, 1965-ci il dekabrın 28-də Musiqili Komediya Teatrında “Qayınana” tamaşasının premyerası oldu. Artıq təzə ilin (1966) ilk günlərində mətbuatda bu tamaşa haqqında heç də xoş olmayan rəylər yer aldı. Musiqili komediya haqqındakı peşəkar və seyrçi fikirlərində bir ümumi cəhət var idi: bu tamaşanı Nəsibə Zeynalovanın misilsiz ifası, onun öz obrazına səxavətlə bağışladığı ştrixlər, pyesin mətninə artırdığı atmacalar, hətta digər aktyorlarla qurduğu improvizə dialoqlar gözəlləşdirir. Digər qüsurlarına baxmayaraq, libretto müəllifi Məcid Şamxalov, bəstəkarı Zakir Bağırov olan “Qaynana” musiqili komediyası məhz baş rolun ifaçısının sayəsində uzun illər, Xalq artisti Nəsibə Zeynalova səhhətinə görə səhnədən uzaqlaşanadək teatrın repertuarında qaldı.

Yetmişinci illərin sonunda C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası bu əsərə müraciət etdi. Əslində, bu müraciətin arxasında Azərbaycanın o vaxtkı rəhbəri, ulu öndər Heydər Əliyevin təklifi dururdu. Nəsibə xanımın teatrdakı Cənnət xala rolunu çox bəyənən Heydər Əliyev aktrisanın iştirakı ilə bu tamaşanın ekran variantının da hazırlanmasını məsləhət bilmişdi. Bu film hansı rejissora tapşırılsaydı belə, heç kim yaşının əsl qayınanalıq çağını yaşayan, sağlam, enerjili, kamera önündə işləmək məharətini sübuta yetirmiş, iri plan üçün çox mühüm olan mimik cizgilərlə danışmaq istedadına malik Nəsibə xanımın önünə keçib Cənnət xalanı ondan yaxşı yarada bilməzdi. 

“Qayınana” filmi 1978-ci ildə ekrana çıxdı. Filmə bir zaman “O olmasın, bu olsun” komediyasını səhnələşdirməklə Azərbaycan teatrının bir çox “qaymaq”larını bir araya gətirərək onların simasını lentlərdə əbədiləşdirmiş Hüseyn Seyidzadə quruluş vermişdi. Hüseyn Seyidzadə əvvəlki komediyasından, yəni “O olmasın, bu olsun”dan fərqli yol seçdi: musiqili komediyanın yalnız librettosundan istifadə etdi. Filmin ssenari müəllifləri tanınmış Azərbaycan kinorejissoru Əjdər İbrahimov və onun həyat yoldaşı Marqarita Maleyeva idi. Əgər “Ulduz” filmində teatrda eyniadlı tamaşada çıxış edən əksər aktyorlar çəkilmişdisə, “Qayınana” filminə teatrdan təkcə baş rolun ifaçısı Nəsibə Zeynalova Cənnət xala roluna dəvət edilmişdi. Filmin musiqisini görkəmli bəstəkar Tofiq Quliyev bəstələmişdi. Tofiq Quliyevin kinofilmlərə yazdığı digər mahnıları kimi “Qayınana” filminin “Biz mehriban ailəyik” final mahnısı da tezliklə hitə çevrildi və artıq 40 ildir ki, konsert səhnələrində və el şənliklərində səslənir.

Maraqlıdır ki, il ərzində ən azı 7-8 dəfə bütün yerli telekanallarda nümayiş olunan “Qaynana” filmində əksər səhnələrin çəkildiyi Cənnət xalanın evi İçərişəhərdə deyil. Həmin mənzil, hətta binanın girişindən başlayaraq, pilləkənlər, pilləkən meydançası kinostudiyanın pavilyonunda qurulub. Filmin quruluşçu rəssamı Nadir Zeynalovun məharəti sayəsində qədim yaşayış binasındakı hündür tavanlı, enli divarlı, iç-içə otaqlı mənzilin interyeri pavilyonda yaradılıb.

* * * 

...Çox təəssüf olsun ki, son qırx ildə bir zamanlar musiqili tamaşa kimi geniş tamaşaçı kütləsini dəfələrlə salona yığan, 500, min, hətta iki min, üç min dəfə oynanılmış musiqili komediyaların motivləri əsasında əsl film estetikası və musiqili film janrının tələblərinə cavab verən bədii ekran əsəri çəkilmir. Əvəzində kinoteatr, sonra da televiziya ekranlarını zəbt edən bəsit süjetli, ucuz gülüşə hesablanmış, peşəkar rejissor işindən və aktyor oyunundan uzaq “kommersiya” filmləri çəkilir. Görünür ki, komediya filmi ərsəyə gətirmək istəyən yaradıcı qüvvələrin hazırkı Azərbaycan Dövlət Musiqili Teatrının nə tarixindən, nə də keçmiş repertuarından xəbəri var. Ya da hansı səbəbdənsə teatr səhnəsindən qaçaq düşmüş həmin komediyaları film olaraq görmək, kinonun imkanlarından bəhrələnməklə əsl komediya filmi çəkmək kinematoqrafçıların və özünü kinematoqrafçı hesab edənlərin ağlına gəlmir. 

P.S. “Səhnədən ekrana” silsiləsinin son yazısı Azərbaycan kinosundakı ilk və hələlik son film-opera və film-baletə həsr olunacaq.

Gülcahan MİRMƏMMƏD