Türkmənistan və Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlığın, qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi məqsədilə fevralın 15-dən 18-dək Azərbaycan Xalça Muzeyində türkmən xalçalarının, Türkmənistan milli zərgərlik məmulatlarının və toxuculuq sənayesi məhsullarının sərgisi keçiriləcək.

Sərgi Türkmənistan Toxuculuq Sənayesi Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin dəstəyi, Türkmənistanın Bakıdakı səfirliyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Səfirlikdən verilən məlumata görə, sərgidə yundan toxunmuş, əl işi olan müxtəlif rəngli və naxışlı xovlu xalçalar təqdim ediləcək. Xalçalardakı naxışlar türkmən xalqının tarixini, fəlsəfəsini və dünyabaxışını əks etdirir.

Sərgiyə gələnlər Türkmənistanın yüksəkkeyfiyyətli toxuculuq məhsulları – müxtəlif parça növlərindən yataq dəstləri, trikotaj məmulatları, cins parçadan hazırlanmış məmulatlar, milli keteni, panbarxat və ştapel parça növləri ilə tanış ola biləcəklər. Bir ekspozisiya türkmən zərgərlərin əl işləri üçün ayrılıb.

Sərgi məkanında məxsusi quraşdırılan “Ak oy” adlı türkmən alaçığı tədbirə xüsusi milli ab-hava gətirəcək. Eksponatların bir qismi alaçığın içərisində nümayiş etdiriləcək.

GÜLCAHAN