İncəsənətə ömür həsr etmiş sənətkarlardan biri də 70 yaşı onsuz qeyd edilən qırğızıstanlı balet ustası, SSRİ Xalq artisti Çolponbek Bazarbayevdir.

Çolponbek Bazarbayev 1949-cu il fevralın 4-də hərbçi ailəsində doğulub. Atasının işi ilə əlaqədar ailə yaşayış yerini tez-tez dəyişdiyi üçün evin böyük oğlu olan Çolponbek internat məktəbdə oxumalı olur. Onu balet sənətinə aparan yol da bu məktəbdən başlayır. 10 yaşlı Çolponbek atasının icazəsi ilə onu seçən tanınmış xoreoqraf-müəllim Qulbara Daniyarovaya qoşulub paytaxt Bişkekə gəlir.

Zəhmətsevərlik, təbiətdən gələn mükəmməl vücud plastikası və xasiyyətindəki inadkarlıq sayəsində Çolponbek Bazarbayev 1967-ci ildə Musiqi-xoreoqrafiya məktəbini əla qiymətlərlə bitirir. Onu dərhal Moskvadakı Xoreoqrafiya məktəbinin təcrübəçi truppasına qəbul edirlər. Lakin atası qəflətən dünyasını dəyişdiyindən 19 yaşlı Çolponbek dörd qardaşını və bacısını böyütməkdə anasına kömək etmək üçün Qırğızıstana qayıtmalı olur.

Gənc artistin solist kimi debütü “Baxçasaray fontanı” baletindəki baş rol ilə başlayır. “Sonalar gölü” baletində Ziqfrid partiyasından sonra Bişkek Opera və Balet Teatrının aparıcı solistinə çevrilir. İyirmi ildən artıq müddətdə milli balet truppasının premyer artisti kimi Çolponbek Bazarbayev gənclərə incəsənəti, klassik musiqini sevdirmək üçün bacarığını əsirgəmirdi. Səhnə fəaliyyəti ilə yanaşı, 1991-1993 və 2001-2002-ci illərdə Qırğızıstan Opera və Balet Teatrının baş direktoru və bədii rəhbəri vəzifələrində çalışmış, 1987-1995-ci illərdə Qırğızıstan Teatr Xadimləri İttifaqının sədri olmuş, 1993-1996-cı illərdə ölkənin mədəniyyət naziri işləmişdi. Bir neçə dəfə Bakıya səfərə gəlmişdi. Sənətkar 1995-ci ildə “Min-On” (Yaponiya) Beynəlxalq musiqi mükafatına layiq görülmüşdü.

Qırğız xalqının şöhrətli oğlu Çolponbek Bazarbayev 2002-ci ildə avtomobil qəzasında həlak olub.

* * *

Yaşasaydı, fevralın 4-də 70 illik yubileyini onu sevən, vətən incəsənəti qarşısında xidmətlərini unutmayan soydaşları ilə birlikdə qeyd edəcəkdi. Bütün bunların əvəzindəsə həmin axşam A.Maldıbayev adına Opera və Balet Teatrında SSRİ Xalq artisti Çolponbek Bazarbayevin 70 illik yubileyi şərəfinə gənc balet artistlərinin konserti keçiriləcək.

GÜLCAHAN