Türkiyənin Bursa şəhərində “Azərbaycan Cümhuriyyəti şöləni” adlı tədbir düzənlənib. Tədbir Bursa Böyükşəhər Bələdiyyəsi və Azərbaycan Kültür Dərnəyi Bursa şəhər şöbəsinin işbirliyi ilə gerçəkləşdirilib.

Şölən Türkiyə və Azərbaycan himnlərinin oxunması ilə başlanıb. Sonra Azərbaycan Cümhuriyyətinin qurucu rəhbərlərindən bəhs edən qısametrajlı film nümayiş etdirilib. 

Filmin nümayişindən sonra Azərbaycan Kültür Dərnəyi Bursa şəhər şöbəsinin rəhbəri Handan Askeran açılış nitqi ilə çıxış edib. O, Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Azərbaycan Cümhuriyyətinin bütün qurucularını hörmətlə anıb, onların istiqlal mücadiləsindən bəhs edib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisinin deputatı Əflatun Amaşov iştirakçıları salamlayaraq tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Millət vəkili Türk dünyasında ilk parlamentli respublikanın – Azərbaycan Cümhuriyyətinin ortaq tariximizdə önəmli yerə sahib olduğunu vurğulayıb.

Şöləndə Azərbaycan xalq rəqsləri qrupu çıxış edib, Azərbaycan mədəniyyətini əks etdirən ənənəvi geyimlər nümayiş olunub.

Tanınmış ifaçı Arzu Qurbaninin səsləndirdiyi Azərbaycan nəğmələri musiqisevərlərin ruhunu oxşayıb.

Gecənin sonunda tamaşaçılar ifaçıları ayaq üstdə alqışlayıblar.

Mehparə SULTANOVA
Ankara