Fevralın 5-də paytaxtdakı yeni sənət məkanlarından olan “Leyla Khazari Art Gallery”də Gənclər gününə həsr edilmiş “Axın” adlı rəsm sərgisinin açılış mərasimi keçirildi.

Sərgi Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə ərsəyə gəlib.

Tədbirdə çıxış edən sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Gənclər gününün əhəmiyyətindən söz açdı, gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, onların mədəni tədbir və layihələrdə iştirakını dəstəkləmək məqsədilə həyata keçirilən belə tədbirləri yüksək qiymətləndirdi. Bildirdi ki, bu gün ölkəmizdə istedadlı gənclərin öz təcrübələrini, bilik və bacarıqlarını daha da inkişaf etdirməyə gözəl imkanlar var. Onlar da mövcud şəraitdən bacarıqla istifadə etməlidirlər.

Sonra sərgi iştirakçılarına sertifikatlar təqdim edildi. Qonaqlar sərgi ilə tanış oldular.

Qeyd edək ki, sərgidə 30-dan çox gənc rəssamın 50-yə yaxın rəsm əsəri nümayiş olunur. Bundan başqa, gənc rəssamlara dəstək məqsədilə rəsm əsərlərinin satışı da təşkil edilib.

FARİZ