“Gəncliyin səsi” festivalının musiqili tədbirlərindən biri fevralın 1-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində keçirildi. Burada gənc musiqiçilərin ifasında konsert proqramı təqdim olundu. Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, qaçqın musiqi məktəblərinin nümayəndələri iştirak edirdi.

Əvvəlcə məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün uğurla davam etdirilən dövlət gənclər siyasətindən danışdı. Qeyd etdi ki, gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olub. Azərbaycanda yüksək dövlət qayğısı ilə əhatə olunan vətənpərvər, yetkin gənc nəsil formalaşır. Ölkəmizin siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakında gənclərə geniş şərait yaradılır. 

Məktəbin nəzəriyyə şöbəsinin müəllimi Leyla Həsənova çıxış edərək Gənclər gününün tarixindən söz açdı. Bildirdi ki, 22 ildir fevralın 2-si ölkəmizdə  gənclərin bayramı kimi qeyd edilir. Azərbaycanı irəli aparan, dünya ölkələri içərisində layiqli yer tutmasına səbəb olan bir çox yeniliklər, başlanğıclar kimi belə bir günün təsis edilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının və nailiyyətlərinin dəstəklənməsi ölkəmizdə mədəniyyət siyasətinin əsasını təşkil edir.

Tədbirin bədii hissəsində gənc musiqiçilərin ifasında Dello Coyonun “Oyun-oyuncaq”, E.Qriqin “Elflərin rəqsi”, “Poetik lövhə” s moll, O.Getalovanın “Meşədə səhər”, G.Klarkın “Debütant”, L.Bethovenin ”Elizaya”, F.Şubertin “Siviliya üçün mahnı”, J.Arbanın “Venesiya karnavalı”, N.Rimski-Korsakovun “Arı uçuşu”, F.Şopenin “Polonez”, N.Əliverdibəyovun “Elegiya” və s. əsərlər səsləndirildi.

Uşaq estrada sənəti sinfinin çıxışı, “Dezz’ N  Surreal” instrumental qrupunun ifa etdiyi “Çahargah rapsodiyası” (H.Rzayev), “Alov” rəqs kollektivinin təqdim etdiyi “Sarı gəlin” kompozisiyası da alqışlarla qarşılandı.

Savalan FƏRƏCOV