(əvvəli ötən sayımızda)
   
   Aytmatov:
   - O hönkürtü mənim kədərimin, mənim acılarımın üst qatıydı, Muxtar əkə. Bizim xalqın bu yuxa məsələdə ənənə çərçivəsinin qıraqları, bu nazik mətləbin əndazə hüdudları idi. İç dünyamda, boşalıb səhralaşmış könül aləmimdəki tufanlar isə...
   Şahanov:
   - Ovaxtkı respublika rəhbərlərindən biri də hövsələdən çıxıb, ətrafındakılara əmr edirmiş kimi: «Əşi, onu bir sakitləşdirin də! - deyirmiş. - Bəyəm bura da onunçün roman-zad meydançasıdı?!»
   Aytmatov:
   - Hə... Yaşamaq elələrinin düşüncələrində, sığallı-ütülü aləmlərində necə də «asan», «əzab-əziyyətsiz» idi...
   Şahanov:
   - Qəribədir, o vaxt adamlar var idi ki, siyasi nüfuzunu, məmur mərtəbəsini itirmək qorxusundan öz həyat yoldaşının dəfnində belə gözləri yaşarmazdı. Sizinsə hissləriniz o qədər səmimi, sevginiz o qədər böyük olub ki, yüksək vəzifədə, «evli kommunist», eyni zamanda o qədər məşhur ola-ola hamının gözü qarşısında sevimli bir qadının itkisindən necə sarsıldığınızı, dəhşətə gəldiyinizi büruzə vermisiniz...
   Aytmatov:
   - Bu incə mətləbi bütün incəliyilə anladığınıza, mənim bənzərsiz sevgimə sayğınıza görə, təşəkkürümü bildirirəm, Muxtarcan.
   Şahanov:
   - Xatirimdədir, məşhur qırğız şairi Suyunbay Eraliyevlə söhbətlərimdən birində o, bu haqda belə dedi: «Bübüsara gözəlliklə ağılın təcəssümü olan əsl qırğız gözəli idi. Bir çox şairlər kimi, mən də bir vaxt onun hüsnünü vəsf etmişəm. Lakin o, heç bir yazı-pozuda Çingizin sevgilərindəki qədər vəsf olunmayıb. Onun vaxtsız vəfatı təkcə Çingiz üçün yox, bütün qırğız xalqı üçün böyük itki oldu. Onun dəfn mərasiminə qara geyinib gələn Çingizin ağlamaqdan gözləri şişmişdi. O, öz sevgisini heç vaxt heç kimdən gizlətmədiyi kimi, Bübüsaranın həyatda olmadığı bir «şahidsizlikdə» də kədərini hamıya bəyan edirdi. Bu isə çoxlarına xoş gəlmədi. Ətrafdan qınaq dolu pıçıltılar eşidilirdi: «Heç olmazsa, evindən-ailəsindən utansın!». Mənsə səssizcə dayanıb, onun haqqında qürur hisslərilə düşünürdüm: «Çingiz ədəbiyyatda olduğu kimi, həyatda da dahidir, əsl kişilik simvoludur! Bunu heç nəyin fərqinə varmadan, sevgisini son mənzilə ləyaqətlə yola salmasıyla da sübut etdi...»
   Aytmatov:
   - Suyəkə (Suyunbay adının əzizləmə forması) çox xeyirxah, həssas, incə qəlbli, dərd anlayan insandır. Ətrafımdakılar arasında məni bəlkə də onun qədər başa düşən yox idi ki, mən Bübüsara ilə birgə həyatın, yaşamağın mənasını itirmişdim. Bu anlam-duyarlığına görə, mən bu gün də ona minnətdaram.
   Şahanov:
   - «Manas» eposunun 1000 illik yubileyi münasibətilə Bişkekin mərkəzində ucaldılan «El kütü» monumentinin - böyük sənətkar Turqunbay Sadıqovun yaratdığı bu gözəl abidənin təntənəli açılış mərasimi oldu. Bu ecazkar sənət nümunəsi qırğız xalqının görkəmli övladlarını qanadlarına alıb şöhrətin zirvəsinə qaldıran qartalı xatırladır. Abidənin bir üzündə Siz dərin fikirlərə qərq olub dayanmısınız, digər tərəfində isə əsrarəngiz Bübüsara Beyşenalıyeva sanki ağ qu quşu kimi, qırğız incəsənətinin zəngin ənginliklərində qanad çalır. Həyatda qovuşa bilməyən bu iki aşiq cansız bir sənət əsərində də bir-birindən ayrı heykəlləşib, abidənin və öz sənətkarlıqlarının ucalığından doğma yurdun gözəlliklərinin seyrindədirlər. Bunun təsadüf, yoxsa heykəltəraşın yaradıcı təxəyyülünün məhsulu olduğunu deyə bilmərəm. Amma bunu böyük bir real, həyati epizod kimi söyləyə bilərəm ki, o monumentin açılışı zamanı Siz - mənimlə yanaşı dayanıb donmuş Çingiz Aytmatov - təkrarsız bürünc Bübüsaranı təkrarsız baxış, sehrli sevgi hisslərilə seyr edirdiniz...
   Aytmatov:
   - Bübüsaranın ölümündən sonra mən İtaliyaya dəvət aldım. Gecə gəmi ilə Sicilyaya yol aldıq. Açıq dəniz... Bəyaz gecə... Sərin meh əsir. Uzaqda böyük şəhərin rəngbərəng işıqları sayrışır. Haradansa Bübüsarayla bizim sevimli musiqimizin sədaları gəlir. Ətrafımdakılar göyərtədə rəqs etməyə başlayırlar. Məni isə qəhər boğur; bir tərəfdə səssizcə dayanıb, göz yaşlarımı güclə saxlayıram. Qəlbimdəki qəm dənizindən xəbərsiz dəniz, bəyaz gecə, ay işığında görünən kimsəsiz adalar və bu qədər adam içində qəlbimin tənhalığı...
   O zaman yaşadığım hissləri sözə gətirə bilmərəm, əlbəttə. Amma «Tavro Kassandrı» romanımda eyni vəziyyətə düşən qəhrəmanımla bu hissləri bir daha yaşamışam.
   Şahanov:
   - 70-ci illərin ortalarında biz Moskvada görüşdük və Siz məni qaldığınız mehmanxanaya dəvət etdiniz. Onda ilk dəfə həyat yoldaşınız Məryəmi gördüm. Qismətinizə belə bir gülərüz, təmiz qəlbli qadın düşdüyünə daxilən sevinirdim. Bilirəm ki, o, Sizə böyük sevgi və ehtiram bəsləməklə, yaradıcılığınıza da böyük təsir göstərə bilib. Məryəm xanım «Gün var əsrə bərabər» romanının motivləri əsasında manqurtluq mövzusunda kinossenari yazıb. Türkmənistan studiyası artıq bu filmi «Çovğunlu yarımstansiya» adıyla istehsal edərək ekranlara çıxarıb. Yəqin ki, ömür-gün yoldaşının səninlə həmfikir olub, daxili aləmini duyması da böyük səadətdir...
   Aytmatov:
   - Bübüsaranın ölümündən sonra qəlbimdə, ruhumda yaranan boşluğu heç cür doldura bilmirdim...
   ...Bax belə, Muxtarcan. Həyatımda bircə dəfə bütün varlığımla sevdim. Qəlbimi, ruhumu qidalandıran bu sevgi sonda sanki ruhumu canımdan ayırıb apardı. Könlümü ağlar qoyan tale o ağır anlarda məni Məryəmlə görüşdürdü. Vaxt ötdükcə ruhumun əzabları səngidi, düşüncə-daşıncalarım bir az yerbəyer oldu. İndi Məryəmlə həyatda iki ümid-dayağımız var - qızımız Şirin, oğlumuz Eldar. Övladlarımızın hansı sənətə yiyələnəcəklərindən asılı olmayaraq, hər şeydən öncə, ləyaqətli insan olmalarını arzulayırıq.
   Şahanov:
   - İnanın ki, belə də olacaq. Ən azı övladlarınızın sizə olan bugünkü sevgisi bunu vəd edir. Bu yaxınlarda qızınızdan eşitdiklərim bu mənada məni sevindirdi və xatircəm etdi. Almatı hava limanında ailənizi Brüsselə yola salarkən Şirin qulağıma bunları pıçıldadı: «Muxtar əmi, atamın şəkərli diabeti olduğunu siz də bilirsiniz. Xahiş edirəm, ona nəzarət edin ki, ziyafətlərdə bunu unudub şirin şeylərdən çox yeməsin...»
   Aytmatov:
   - Biz səninlə bir yerdə çox oluruq, ona görə ürək qızdırıb, məni sənə belə bərk-bərk tapşırıb.
   Şahanov:
   - Jurnalist Canıbek Canızak həyatda rastlaşdığınız qadınlar haqda «Aytmatovun qadınları» adlı bir kitab yazıb. İndi bu kitaba hər yerdə - hətta, ərzaq mağazalarının piştaxtalarında belə rast gəlmək olar.
   Aytmatov:
   - Özgəsinin şəxsi həyatını güdüb-aramaq, tale, alın yazısından sensasiya «qoparmaq», məncə, rəzil hərəkətlərdəndir...
   Mənim qadınlarıma gəldikdə isə, Kerez mənim birinci həyat yoldaşım olub. Tələbəlik illərindən başlayaraq, onunla birgə çətin, amma maraqlı-mənalı gənclik illəri yaşamışıq. Kerez rəhmətlik anamla da çox mehriban dolanırdı. Ondan iki oğlum var - Səncər və Əsgər. Şükür Allaha, ikisi də böyüyüb həyatda yerlərini tapıb. Artıq iş-güc sahibidirlər.
   Tattıbubi Tursunbayevanın da qəlbimdə öz yeri olub. Qırğız incəsənətinin zənginləşməsində böyük xidmətləri olan bu gözəl qadına böyük rəğbət bəsləmişəm.
   Həyatımın ayrı-ayrı dönəmlərində başqa qadınlar da olub. Şükürlər olsun ki, onların haqqında yazmaq hər cızmaqaraçının istedad və qabiliyyət imkanları daxilində deyil. Sonda bir etirafım da var, Muxtarcan. Məni ilham pəriləriylə görüşdürən taleyimdən min dəfə razıyam. Bu görüşlərdə yaşanan səadət, sevgi dolu anlara, yaşam və yaradıcılıq ruhuma çilənən təzə-tər təravətlərə görə, taleyimə, tale yazanıma çox minnətdaram...
   
   Hazırladı:
   Tahir Abbaslı