Hər il 2 fevral – Gənclər günü ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur. Həmin gün Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda keçirilən sərgi də bu əlamətdar tarixə sənət töhfəsi oldu.

Mədəniyyət, Gənclər və İdman nazirlikləri, Dövlət Rəssamlıq Akademiyası və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə ərsəyə gələn sərgidə 177 gənc rəssamın 200-dən artıq əsəri nümayiş olunurdu.

Tədbiri giriş sözü ilə Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov açaraq gəncləri təbrik etdi, onlara yaradıcılıq uğurları arzuladı. O, ənənəvi sərginin iştirakçı və janr müxtəlifliyinin ildən-ilə artığını dedi: “Budəfəki sərgidə incəsənətin bütün növlərində - heykəltəraşlıq, rəngkarlıq, tətbiqi-sənət, qrafika, qobelendə işlənmiş əsərlər nümayiş olunur. Sevinirik ki, gənclərimiz bu janrlara müraciət edir və onların yaşamasına çalışırlar. Mövzu sərbəstliyi və yaradıcı ifadə azadlığı maraqlı işlərin ortaya çıxmasına səbəb olub. Bu sərgidə daha çox vətənpərvərlik mövzularında işlərin şahidi oluruq. Əsərlər seçilərkən biz müəlliflərin düşüncə tərzi və yaradıcılıq inikasını da aydınlaşdıra bilirik. Sərgidə yeniyetmə rəssamlar da əsərləri ilə təmsil olunurlar. Bu da onların yaradıcı ünsiyyətinə, müşahidə qabiliyyətinin təşəkkülünə zəmin yaradır”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən söz açdı, dövlət başçısının gənclərə böyük diqqət və qayğı göstərdiyini dedi: “Bildiyiniz kimi, dünən (1 fevral – red.) Prezident İlham Əliyevin iştirakı ilə gənclərin toplantısı keçirildi. Dövlət başçısı onları təbrik etdi, tövsiyələrini verdi. Azərbaycan gəncləri də öz çıxışlarında ölkə başçısına inamlarını ifadə etdilər. Elm, təhsil, mədəniyyət və incəsənət sahəsində fərqlənən gənclərə Prezident mükafatları təqdim edildi”.

Əlamətdar gün münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən də gənclərin  müxtəlif mükafatlarla təltif edildiyini deyən İ.Babayev sərgini yüksək qiymətləndirdi: “Yaradıcı gənclərə dəstək baxımından bu sərgi əhəmiyyətli layihədir, onun ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür edirəm”.

Mədəniyyət Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov gəncləri mədəniyyət naziri Əbülfəs Qarayevin adından təbrik edərək onlara yeni yaradıcılıq uğurları arzuladı. Bildirdi ki, nazirlik daim yaradıcı gənclərin fəaliyyətini izləyir, onlarla bağlı silsilə tədbirlər təşkil edir. Həmçinin qeyd etdi ki, nazirliyin illik iş planında müxtəlif yaradıcılıq sahələrinin təmsilçiləri olan gənclərlə bağlı maraqlı tədbirlər, layihələr öz əksini tapıb.

Gənc rəssamlarla bağlı hazırlanan konsepsiya barədə də söz açan Q.Qasımov gənclərə azərbaycançılıq ideallarına xidmət edən əsərlər yaratmağı arzuladı.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Xalq rəssamı Arif Hüseynov və başqalarının çıxışlarında sərginin önəmi vurğulandı, gənclər üçün yaradılan şəraitdən danışıldı. Yaradıcı gəncliyin özünə qarşı tələbkar və tənqidi yanaşması da dilə gətirildi.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Müxtəlif yerli, xarici sərgi və müsabiqə iştirakçılarının, rəssamlıq ixtisası üzrə ali və peşə təhsili müəssisələrində təhsil alan gənclərin əl işləri maraqla qarşılandı.

HƏMİDƏ