Mədəniyyət Nazirliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “Gəncliyin səsi” festivalı çərçivəsində müxtəlif şəhər və rayonlarda tədbirlər, sənət təqdimatları keçirilib.
Qubadakı “ASAN Həyat” kompleksində fevralın 2-də gerçəkləşən tədbirdə iştirakçılar əvvəlcə gənclərin fotoəsərlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra kino zalında gənc rejissorların lentə aldığı “Ayaqqabı əməliyyatı” (Pərviz Həsənov) və “Usta Yusifin kamançası” (Ruslan Hüseynov) filmləri nümayiş olunub. Hər iki ekran əsəri maraqla qarşılanıb.
Abşeronda...
Fevralın 2-də Abşeron rayon Xırdalan şəhər Heydər Əliyev Mərkəzində “Gəncliyin səsi” festivalı çərçivəsində Prezident təqaüdçüləri olan gənc musiqiçilərin konserti olub.
Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova gəncləri əlamətdar bayram münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb.
Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin əməkdaşı Nicat Şərifov tədbir iştirakçılarına festival haqqında məlumat verib. Bildirib ki, istedadlı gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyev “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” 1996-cı il 22 iyun tarixli fərman imzalayıb. Ötən müddətdə onlarla gəncin adı gənc istedadların “Qızıl kitabı”na yazılmaqla Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülüblər.
Sonra gənc musiqiçilərin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən, xalq mahnıları və muğamlarımızdan ibarət konsert proqramı təqdim olunub.
Masallıda...
Fevralın 4-də “Gəncliyin səsi” festivalının növbəti tədbiri Masallı “ASAN Həyat” kompleksindəki kinoklubda reallaşıb.
Tədbirdə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova və gənc rejissor Murad Quliyev artıq ənənə halını almış festivalın gənc istedadların yaradıcılıq axtarışlarının dəstəklənməsi, yeni simaların aşkar olunmasında önəmini vurğulayıblar.
Sonra gənc rejissorlar Murad Quliyev və Zamin Məmmədovun “Debüt” studiyasında istehsal olunan “Yol ayrıcında qalmış taksi” və “Onun atası” qısametrajlı filmləri nümayiş etdirilib.
İmişlidə...
Festival çərçivəsində İmişli “ASAN Həyat” kompleksində “ASAN Könüllüləri” təşkilatının təqdimatında Şıxəli Qurbanovun “Olmadı elə, oldu belə” pyesi nümayiş olunub. Səhnə əsəri XX əsrdə zavod və fabriklərdə olan bəzi savadsız rəhbərlərin gənc və savadlı kadrlarla konflikti üzərində qurulub.
Gənclərin ifasında tamaşa maraqla qarşılanıb.