Artıq bir neçə gündür ki, Rusiyanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Moskva Dövlət Konservatoriyasının dosenti Larisa Rudakova Bakıdadır. İfaçılıq ilə yanaşı, həm də uğurlu pedaqoji fəaliyyətlə məşğul olan tanınmış vokalçı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyinin  təklifi ilə paytaxtımıza gəlib. O, teatrda çalışan gənc vokalçılara  ustad dərsi keçir.

1964-cü ildə Sverdlovsk vilayətinin Lesnoy şəhərində anadan olan L.Rudakova 1992-ci ildə Moskva Dövlət Konservatoriyasını bitirərək Böyük Teatrda çalışmağa başlayıb. Lirik-koloratur səs tembrli vokalçı 90-cı illərdə bir-birinin ardınca beynəlxalq müsabiqələrdə qalib gəlib. 1995-ci ildə BBC telekorporasiyası Larisa Rudakovanın adını dünyanın ən yaxşı gənc vokalçısı beşliyinə daxil edib.

Larisa Rudakova davamlı olaraq Böyük Teatrla yanaşı, dünyanın məşhur opera səhnələrində çıxış edib, N.Gedda, V.Kazarova, P.Dominqo, F.Arayza, L.Nuççi, Y.Nesterenko, Y.Obrazsova, T.Sinyavskaya kimi opera ulduzları ilə eyni səhnəni paylaşıb. Teatr səhnəsində Violetta («Traviata»), Antonida («İvan Susanin»), Müzetta («Bohema»), Cilda («Riqoletto»), Mikaela («Karmen»), Lüdmila («Ruslan və Lyudmila»), İolanta («İolanta») və başqa partiyaları ifa edib.

P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının müəllimi olan vokalçının tələbələri beynəlxalq müsabiqələr laureatıdır, Rusiya və Avropa teatrlarında solist olaraq çalışırlar.

G.MİRMƏMMƏD