Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) görkəmli violin ifaçısı, pedaqoq, ictimai xadim Azad Əliyevin 90 illiyi münasibətilə violin ifaçılarının birinci beynəlxalq müsabiqəsinin açılış mərasimi olub.
BMA-dan bildirilib ki, müsabiqənin ideya müəllifi və təşkilatçısı BMA-nın professoru, Azad Əliyevin tələbəsi, professor Məleykə Əhədzadədir. Müsabiqənin münsiflər heyətinə xalq artistləri, professorlar Zəhra Quliyeva, Şəhla İbrahimova, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, Türkiyə, Qazaxıstan, İsrail və Özbəkistandan nümayəndələr daxildir.
Müsabiqə fevralın 9-dək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında davam edəcək. Müsabiqəyə ölkəmizlə yanaşı, Özbəkistan, Ukrayna, Qazaxıstan və Rusiyadan iştirakçılar qatılıb. Müsabiqə violin solo, violin duet, kamera ansamblı və konsertmeysterlik ustalığı olmaqla dörd nominasiya üzrə keçirilir.