Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin kollektivi və tabeliyindəki qurumların əməkdaşları dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti, akademik Qara Qarayevin anadan olmasının 101-ci ildönümü münasibətilə sənətkarın ev-muzeyində olublar.
Baş idarədən bildirilib ki, qonaqlara ev-muzeyi, bəstəkarın fəaliyyəti, yazdığı əsərlər haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, Qara Qarayev bu mənzildə gəncliyini, tələbəlik illərini keçirib və ilk əsərlərini, o cümlədən “Yeddi gözəl” baletini burada yazıb.
Qeyd olunub ki, Qara Qarayev Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin və tanınmış rusiyalı bəstəkar Dmitri Şostakoviçin tələbəsi olub. Milli musiqimizi öz dövrünün avanqard bəstəkarlıq texnikası ilə uzlaşdıraraq mədəniyyət tariximizdə yeni səhifə açıb.
Sonra ziyarətçilər muzeyin ekspozisiyasında bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən nadir materiallar – sənədlər, əlyazmalar, fotoşəkillər, tamaşa və konsert afişaları, musiqiçinin şəxsi əşyaları və istifadə etdiyi məişət əşyaları ilə tanış olublar.