Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə fevralın 15-də Muzey Mərkəzində Xalq rəssamı Rafis İsmayılovun 80 illik yubileyi münasibətilə tədbir keçiriləcək. Tədbirdə rəssamın yaradıcılığından söz açılacaq, əsərləri sərgilənəcək.
Rafis İsmayılov 30 mart 1939-cu ildə Bakıda anadan olub. 1962-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1972-ci ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsini bitirib. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib, 30-dək bədii (“Qatır Məmməd”, “Sevinc buxtası”, “Qara gölün cəngavərləri”, “Dantenin yubileyi” və s.) və cizgi filminin quruluşçu rəssamı olub. O, həmçinin Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Opera və Balet Teatrında bir sıra tamaşalara bədii tərtibat verib.
2008-ci ildə rəssamın “Şərqdən-Şərqə” adlı sərgisi keçirilib. Əsərləri R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyi, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyasında, yerli və xarici şəxsi kolleksiyalarda saxlanılır.