“Ay-Petri. Krım”ı görmək istəyənlər saatlarla növbədə dayanır

Bu günlər Moskvadakı Dövlət Tretyakov Qalereyasını ziyarət edənlərin sayı hədsiz dərəcədə çoxalıb. Qalereyaya elektron biletlərin demək olar ki, hamısı satılıb, binanın qarşısında saatlarla növbələr olur. Buna səbəb isə yanvarın 27-də qalereyadan oğurlanmış, az sonra oğru ilə birlikdə ələ keçirilmiş əsər – Arxip Kuincinin “Ay-Petri. Krım” tablosudur.

XIX əsrdə yaşamış mənzərə janrı ustasının əsərinin oğurlanması və yenidən sərgi ekspozisiyasına qaytarılması belə bir ajiotajın yaranmasına gətirib çıxarıb.

Yanvarın 27-də qalereyaya gələn ziyarətçi heç bir şübhə yaratmadan divardan asılan əsərə yaxınlaşıb və onu götürərək binanı tərk edib. Təcili olaraq başlanılan axtarış nəticəsində oğru 8 saatdan sonra tutulub və əsər geri qaytarılıb. Xoşbəxtlikdən tablo zədələnməyib.

Arxip Kuinci (türkcə kuyumcu – zərgər sözündən) yunan-tatar əsilli rus rəssamıdır. 1840-cı illərdə (dəqiq təvəllüdü məlum deyil) Azov dənizi sahilindəki Mariupol şəhərinin (Ukraynanın Donetsk vilayəti) Qarasu məhəlləsində anadan olub. 1910-cu ildə vəfat edib. Yunan-urumlar (türk dil qrupuna aid urum dilində danışırlar) Mariupola XVIII əsrin sonlarında çar hökuməti tərəfindən Krımdan köçürülüb.

Ay-Petri Krımda dağdır. Arxip Kuinci dağ peyzajı tablosunu XIX əsrin sonlarında yaradıb. Şaxtalı şəfəqin ultrabənövşəyi çalarlarını əks etdirən tablo rəssamın ən məşhur əsərlərindən biridir.

Hüquq mühafizə orqanları tərəfindən geri qaytarılan əsər yenidən ekspozisiyada öz yerini alıb. Bu dəfə isə daha etibarlı şəkildə qorunmaq şərtilə. Tretyakov qalereyasında “Ay-Petri. Krım” tablosu fevralın 17-dək sərgilənəcək. Bundan sonra isə o yenidən öz saxlandığı muzeyə, Sankt-Peterburqdakı Rus Muzeyinə qaytarılacaq.

L.AZƏRİ