“Zima”ya iki gün qaldı...
Fevralın 15-də Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və “Beat Group”un təşkilatçılığı ilə uşaqlar üçün 2-ci “Zima” Beynəlxalq Estrada Mahnı Festivalı keçiriləcək. 6-16 yaş arası uşaqlar Heydər Əliyev Sarayında qala-konsertlə səhnəyə çıxacaqlar.
Festivalın rejissoru, Əməkdar incəsənət xadimi Ülviyyə Könül bildirib ki, bu dəfə layihədə bir sıra yeniliklər olacaq: “Öncə onu qeyd edim ki, festival televiziya layihəsi statusunu aldı və bu işdə bizə İctimai Televiziya dəstək oldu. Uşaqlarla işləmək çox gözəldir. Builki festivala 26 iştirakçı qatılıb. Onların sırasında xarici ölkələrdən – Rusiya, Türkiyə, Ukrayna, Belarus və Gürcüstandan da iştirakçılar var. Hamısı istedadlı uşaqlardır və 15 fevral tarixində tamaşaçıları möhtəşəm bir şou gözləyir. Bu, Azərbaycanda uşaqlar üçün təşkil olunan ən böyük musiqi şousudur. Səhnə, rəqslər, işıq, tərtibat cəhətdən bu şou ilk festivaldan da möhtəşəm olacaq”.
Rejissorun sözlərinə görə, festivalın özəlliyi ondadır ki, burada uşaqlar yarışa çıxmırlar və bir-biri ilə rəqabət aparmırlar. Bütün iştirakçılar diplom və sponsorların hədiyyələri ilə mükafatlandırılacaq. Əməkdar artist Tünzalə Ağayeva və başqa estrada ulduzları uşaqlarla birgə duetlər ifa edəcəklər.
Qeyd edək ki, layihə üzərində peşəkar mütəxəssislər qrupu çalışır. Qrupa musiqi prodüseri Rüstəm Rzayev, vokal müəlliməsi – Ukraynanın Əməkdar artisti Rimma Şapovalova və başqaları daxildir.
L.AZƏRİ