Nazir Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü Tovuz şəhərində keçirilib
Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü fevralın 8-də Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə tər çiçək dəstələri düzülüb.
Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.
Qəbulda Tovuz, Ağstafa, Qazax, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Tovuzdan qəbula yazılmış sakinlər ustad aşıq Mikayıl Azaflının 95 illik yubileyinin keçirilməsi, rayondakı Xalq teatrına milli geyimlərin verilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.
Ağstafa rayonundan qəbula gəlmiş vətəndaşların müraciətləri aşıq sənətinin gənc nəslə öyrədilməsi, təbliği, eləcə də saz alətinin hazırlanması üçün yer ayrılması, “Nəsimi ili” çərçivəsində tədbirlərin keçirilməsi, kitabxanalara böyük şairin əsərlərinin yeni nəşrlərinin, onun haqqında kitabların verilməsi, ölkəmizdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri arasında təcrübə mübadiləsinin aparılması barədə olub.
Qazax sakinləri rayon ərazisində fəaliyyət göstərən mədəniyyət müəssisələrindən birinə 2017-ci ildə dünyasını dəyişmiş aşıq Ədalət Nəsibovun adının verilməsi, uşaq musiqi məktəbində yeni instrumental ifaçılıq sinfinin açılması və məktəbin musiqi alətləri ilə təchizatı, işlə təmin olunma barədə müraciət ediblər.
Şəmkir rayonunda İmadəddin Nəsiminin 650 illik yubileyinin və Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi, fərdi sahibkarlıq obyektində “Şənbook” adlı kitab bölməsinin açılmasına dəstək göstərilməsi barədə də nazirə müraciət edilib.
Həmçinin Göygöl rayonu ərazisindəki alman qəbiristanlığına qoruq statusunun verilməsi, vaxtilə Göygöl şəhərində yaşamış alman icmasının nümayəndəsi Viktor Klaynın nazirliyin balansında olan evindən turistik məqsədlə istifadə və digər məsələlərlə bağlı müraciətlər olub.
Gədəbəy rayonundan qəbula gələn vətəndaşlar mədəniyyət sahəsində təcrübənin öyrənilməsi üçün xarici ölkələrə səfərlərin təşkili, aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınmasının 10 illiyinin qeyd olunması, bu məqsədlə müsabiqə və festivalların keçirilməsi barədə xahiş və təkliflərini diqqətə çatdırıblar.
Daşkəsəndən qəbula gəlmiş vətəndaş kitabının nəşrinə köməklik göstərilməsini, digər sakin işarət dilində hazırladığı əyani vəsaitin eşitmə əngəlli insanların istifadəsi üçün kitabxanalara verilməsini xahiş edib.
Qəbulda müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
* * *
Qəbuldan sonra mətbuata açıqlama verən nazir yerlərdə vətəndaşlarla bu cür görüşlərin mədəniyyət sahəsinin inkişaf etdirilməsində əhəmiyyətini bir daha diqqətə çatdırıb. Bildirib ki, budəfəki görüşdə sakinlərin musiqi məktəblərinin işinin gücləndirilməsi, yeni fənlərin tədris olunması, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, mədəni irs abidələrinin qorunması və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Əbülfəs Qarayev Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli fərmanının icrası barədə də danışıb. Vurğulayıb ki, fərmana uyğun olaraq bu sahədə geniş islahatlar aparılacaq. Bu zaman birinci növbədə insan faktoru diqqətdə saxlanılacaq, insanların öz işlərini itirməsi, kimlərinsə işdən azad olunmasından söhbət gedə bilməz. Aparılan islahatlar mədəniyyət sahəsində işlərin təkmilləşdirilməsinə, müasir texnologiyaların tətbiqinə, xidmət səviyyəsinin yüksəldilməsinə zəmin yaradacaq.