Özbəkistan paytaxtındakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, tərcüməçi, publisist, filologiya elmləri doktoru, professor Ramiz Əskərlə görüş və onun özbək ədəbiyyatı ilə bağlı əsərlərinin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən AMM-in direktoru Samir Abbasov alimin yaradıcılığı, tədqiqat əsərləri, tərcümə fəaliyyəti barədə danışıb, onun müəllifi və tərtibçisi olduğu kitablar – “XX əsr özbək şeiri antologiyası”, Zəhirəddin Məhəmməd Baburun “Baburnamə”, Sultan Hüseyn Bayqaranın “Divan”, Yusif Balasaqunlunun “Qutadqu bilik” və digər nəşrlər haqqında məlumat verib. Ramiz Əskərin özbək ədəbiyyatı ilə bağlı 100-dək məqaləsinin dərc olunduğu bildirilib.
Tədbirin aparıcısı, şair-tərcüməçi Babaxan Şərif 40 ildən mətbuat sahəsində çalışan Ramiz Əskərin jurnalistika fəaliyyəti, elmi yaradıcılığı, türk ədəbiyyatına dair onlarla kitabın hazırlanmasında xidmətlərini xüsusi qeyd edib.
Özbək alim, tərcüməçi Karim Baxriyev, Mahmud Yuldaşov, alim Şuxrat Salamov, ədəbiyyatşünas Gülbahar Aşurova azərbaycanlı alimin türk xalqlarının ədəbiyyatlarının yaxınlaşmasında xidmətlərindən danışıblar. Diqqətə çatdırılıb ki, Ramiz Əskər böyük özbək şairi Əlişir Nəvainin irsinin tədqiqinə, onun “Xəmsə”sinin Azərbaycan dilinə tərcüməsinə görə Nəvai şəhərinin fəxri vətəndaşı adına, özbək ədəbiyyatının təbliğinə töhfələrinə görə Beynəlxalq Babur Fondunun mükafatına layiq görülüb.
Tədbir iştirakçıları alimin Özbəkistan və digər türkdilli ölkələrlə bağlı tədqiqat əsərləri, kitablarının sərgisi ilə tanış olublar.
Qeyd edək ki, professor Ramiz Əskər Daşkənddə keçirilən “Əlişir Nəvainin ədəbi və elmi irsinin öyrədilməsi məsələləri” adlı konfransda məruzə ilə çıxış edib.
Konfransa Türkiyə, Hindistan, Qazaxıstan, Pakistan və Tacikistandan da alimlər qatılıb.