Sənədli filmin təqdimatı keçirildi

Martın 14-də Nizami Kino Mərkəzində rejissor Yavər Rzayevin “Azanfilm” studiyasında istehsal olunmuş “Gözümün işığı və ya qəribə heykəltəraş ömrü” sənədli filminin təqdimatı keçirildi. Ekran əsəri görkəmli heykəltəraş, Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın 100 illiyinə həsr olunub.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək Həyat Abdullayevanın milli memarlığımıza bəxş etdiyi əsərlərdən danışdı. Sənətkarın əl işlərindən biri də vaxtilə Şuşada ucaldılan, qədim şəhərimizin işğalından sonra Bakıya gətirilən və hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş olunan Xurşudbanu Natəvanın tuncdan hazırlanmış büstüdür. Son dövrlər ölkə Prezidentinin sərəncamı ilə Bakıda Fikrət Əmirovun, Qara Qarayevin, Bülbülün və digər görkəmli sənətkarların abidələrinin ucaldıldığını deyən nazir müavini qeyd etdi ki, bu, korifey şəxsiyyətlərin xatirələrinin əbədiləşdirilməsi ilə yanaşı, Azərbaycan mədəniyyət tarixinin də gələcək nəsillərə çatdırılması istiqamətində atılmış addımlardır. O, ümidvar olduğunu bildirdi ki, gün gələcək, işğal altındakı torpaqlarımız erməni qəsbkarlarından azad olunacaq və Natəvanın abidəsi də yenidən Şuşada qərar tutacaq.
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Həyat Abdullayevanın ömür yolundan və fəaliyyətindən danışdı. Qeyd etdi ki, onun boya-başa çatdığı ailə sovet rejiminin bir çox təzyiqlərinə məruz qalsa da, onlar həmişə həyata nikbin baxıblar. Fərhad Xəlilov görkəmli heykəltəraşın incəsənətimizə böyük töhfələr verdiyini bildirdi, şərəfli ömür yolu keçən sənətkarın yaradıcılığının gənc nəslə örnək olduğunu vurğuladı.
Çıxışlardan sonra sənədli film nümayiş olundu. 27 dəqiqə davam edən ekran əsərində sənətkarın zəngin yaradıcılığı və ömür yolundan bəhs olunur, həyatın bütün çətinliklərindən keçmiş bir qadın və sənətkar obrazı canlandırılır.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar