Nazir Əbülfəs Qarayev görülən işlərlə tanış olub
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 8-də Tovuz rayonunda vətəndaşlarla görüşüb. Qəbuldan sonra nazir rayon ərazisində mədəniyyət müəssisələri üçün yeni binaların inşa olunması ilə bağlı görülən işlərlə tanış olub.
Mədəniyyət naziri Əbülfəs Qarayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasında tikinti işləri ilə tanış olublar.
2017-ci ildə başlanan inşaat işləri yekunlaşıb. Ümumi sahəsi 820 kvadratmetr olan ikimərtəbəli muzey istifadəyə verildikdən sonra burada bölgənin tarixini, mədəni irsini, etnoqrafiyasını özündə əks etdirən ekspozisiyalar fəaliyyət göstərəcək.
Tovuz rayonunda Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi üçün də yeni bina tikilir. Tikinti işlərinə 2013-cü ildə başlanılıb. Müəyyən fasilədən sonra binanın inşası davam etdirilir. Muzeyin yeni binası iki mərtəbədən ibarət olacaq və müasir standartlara cavab verəcək. Muzey aşıq sənəti ilə bağlı eksponatlarla da zənginləşdiriləcək.
Nazir hər iki mədəniyyət ocağının inşası, görülən işlərlə bağlı tövsiyələrini verib.