Bakı Kitab Mərkəzində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Elza İbrahimovaya həsr olunmuş “Mahnılar” adlı musiqi əsərləri toplusunun təqdimatı keçirilib.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova və digər çıxış edənlər bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib, zəngin musiqi irsindən danışıblar.
Qeyd edilib ki, bəstəkarın mahnıları Azərbaycan musiqi mədəniyyətinin tanınmış sənətkarları – Rəşid Behbudov, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Sara Qədimova, Akif İslamzadə, Gülağa Məmmədov, Flora Kərimova və başqalarının ifasında səslənərək sevilib, bu gün də bir çox müğənnilərin repertuarında xüsusi yer tutur, musiqisevərlər tərəfindən rəğbətlə qarşılanır.
Gecənin musiqili hissəsində Elza İbrahimovanın əsərləri səsləndirilib. Xalq artisti Fidan Hacıyeva pianoçu Şahin Yəhyazadənin müşayiəti ilə bəstəkarın “Mehribanım” mahnısını oxuyub. Xalq artisti Gülyanaq Məmmədovanın ifasında “Bilməzdim”, “Gedək üzü küləyə” mahnıları dinlənilib, Azərbaycan Dövlət Triosu (Elnarə Kəbirlinskaya – piano, Töhfə Babayeva – violin, Səbinə İbrahimova – çello) bəstəkarın “Fortepiano triosu”nun birinci hissəsini ifa edib.
Respublika və beynəlxalq müsabiqələrin laureatları, pianoçu Vüsal Aydəmirov və tarzən İbrahim Babayev “Rekviyem”, Əməkdar artist Sevda Ələkbərzadə “Sən yadıma düşəndə” mahnılarını ifa ediblər.