Onların işi zərgər dəqiqliyi, böyük səbir və peşəyə sevgi tələb edir
Muzeylərdə gördüyümüz qədim eksponatlara ikinci həyatı onlar verirlər – bərpaçı-rəssamlar. Onların işi zərgər dəqiqliyi, böyük səbir və sevgi tələb edir. Muzey sərvətlərinin orijinallığına xələl gəlməsin deyə səy və bacarıqlarını əsirgəmir, sanki hər bir əşya ilə onların öz dilində “danışırlar”...
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində keçirdiyimiz bir neçə saat ərzində bunun bir daha şahidi olduq.
Mərkəzin direktoru Zərifə Məlikova 2018-ci ildə burada həyata keçirilən işlər haqqında məlumat verdi. Bildirdi ki, ötən il mərkəzin əməkdaşları tərəfindən 600-ə yaxın eksponat bərpa edilib. Tarixi əşyalar bərpa edildikdən sonra muzeylərə, öz məkanlarına qaytarılıb: “Bərpa prosesi o qədər də asanlıqla başa gəlmir. Yalnız müəyyən mərhələləri keçdikdən sonra məhv olma təhlükəsi ilə üz-üzə qalan tarixi eksponat yenidən həyata qaytarılır. Bərpa üçün gətirilmiş hər hansı sənət nümunəsi və ya əşya ilk növbədə dezinfeksiya olunur, onun adına elmi pasport açılır, gətirildiyi vəziyyətdə fotosu çəkilir. Mərkəzin alim və sənət adamları, mütəxəssislərdən ibarət Elmi bərpa şurası bərpaçılara zəruri tövsiyələr verir. Mütəxəssislər bərpa metodunu müəyyənləşdirəndən sonra bərpaçılar həmin əsər üzərində zərgər dəqiqliyi ilə işə başlayırlar”.
Mərkəz dekorativ sənət, rəngkarlıq, qrafika və elmi-tədqiqat şöbələrindən ibarətdir. Direktor bildirir ki, tətbiqi sənət şöbəsində tikmə, xalça nümunələri bərpa edilir. Burada müxtəlif xalçaçılıq məmulatları konservasiya olunaraq ömrü uzadılır. Rəngkarlıq şöbəsində rəsm əsərləri bərpa olunur. Qrafika şöbəsində isə proqramlar, afişalar, əlyazmalar təzələnir.
Mərkəzin şöbə müdiri Ruhəngiz Əliyeva 40 ildən artıqdır ki, burada çalışır. Hazırda o, gərdək başlığını bərpa edir. Deyir ki, XIX əsrə aid olan bu nümunə Xalça Muzeyindən çox yararsız halda daxil olsa da, indi normal vəziyyətə gətirilib: “Köhnə parçalar kağız kimi olur. Toxunduqda ovulub tökülür. İlkin mərhələdə qədim parça nümunəsi əvvəlki halına salınmaq üçün yumşaldılır, astar olaraq material əlavə edilir. Həmin parçaya uyğun sapla çox incə şəkildə tikiliş bərpa olunur”.
Ruhəngiz xanım deyir ki, bərpaçılığın öz qaydaları var. Daxil olan məmulata müdaxilə etmək qəti qadağandır: “Şəki muzeyindən daxil olan arxalıq hələ ki ilkin mərhələdədir. Ona görə də dezinfeksiya olunsa belə, tikmənin içindən çoxsaylı parça qurdları tökülür”.
Həmsöhbətim bərpa mərhələsində mütəxəssislərin bir-biri ilə təcrübə mübadiləsi, məsləhətləşmələr apardıqlarını bildirir: “Bəzən bərpa prosesi aylarla, illərlə davam edir. Tikmələr var ki, üzərində təkcə tikmə deyil, metal işi, dəri və s. işlər aparıldığından proses çox uzun çəkir”.
Hədsiz dərəcədə sıradan çıxmış, bərpası çox çətin, yaxud mümkün olmayan əşyaların taleyi ilə maraqlanırıq. Bildirilir ki, əşyanın tarixi əhəmiyyəti böyük önəm kəsb edir. Hər hansı bir əşyanın sıradan çıxmış hesab edilməsi üçün bərpaçılar rəy verməlidirlər. Əgər eksponat 70 faizdən çox zədələnibsə, yalnız bu zaman rəy yazmağa icazə verilir. Qızıl sapla tikilmiş parçalar var ki, bərpaçılar böyük əziyyətlə onları həyata qaytarırlar. Bu tikmələri yenidən yaşatmaq üçün parça yapışqanı, sap və s. xarici ölkələrdən əldə edilir.
* * *
Mərkəzdə bərpa prosesində olan maraqlı bir eksponat da diqqətimizi çəkir. Məlumat verilir ki, bu, Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyindən daxil olan tirmə süfrədir. Süfrənin astarı və itirilmiş hissələri, eləcə də didilmiş yerləri bərpa edilib. Balakəndən daxil olan XVIII əsrə aid xurcunun, yun parçadan toxunan çuvalın da tarixi əhəmiyyəti var.
Qrafika şöbəsində də maraqlı iş prosesini izləyirik. Milli İncəsənət Muzeyindən daxil olan rəssamlıq əsərini şöbə müdiri Xatirə Tağıyeva bərpa edir. XVIII əsr İngiltərə sənət məktəbinə məxsus olan bu rəsm əsəri dəzgah qrafikasındadir və “Qraf Linkolinin evi və parkı” adlanır. İngilis rəssamı Servan Lyukun bu əsərini bərpa etmək elə də asan deyil. Hazırda əsər üçüncü mərhələdə - mexaniki təmizləmə prosesindədir. Sonrakı mərhələdə əsər üzərindəki cızıq və itkilər bərpa ediləcək. Burada bərpa növbəsini gözləyən miniatürlər də var ki, çox kiçik və incə işlərdir.
Oğuzdan daxil olan və “Atüstü” adlanan xalçaçılıq nümunəsi də ikinci həyata qayıdış dövrünü yaşayır, çuval isə artıq hazır vəziyyətdədir. İmişli muzeyindən göndərilən güzgü, rəssam Azad Əliyevə məxsus “Azərbaycan çayı” adlı heykəltəraşlıq nümunəsi, Şəki Tarix-Diyarşünaslıq Muzeyindən təqdim olunan gildən hazırlanmış küp, ağacdan hazırlanmış yuxayayan, Tovuz Tarix-Diyarşünaslıq Muzeyindən gətirilən təknə də yenidən həyata qayıtmaq prosesindədir.
Mərkəzdə çox maraqlı daha bir işlə də qarşılaşırıq. Direktor Zərifə xanım deyir ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyindən daxil olan bu qurama çox qiymətli mədəni hadisələri özündə əks etdirir: “Qumaş parçadan olan quramanın bir hissəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının 1908-ci ildə ilk tamaşasının proqramı əks olunub. Eyni zamanda Osmanlı yazarı Şəmsəddin Saminin “Gaveyi-ahəngər” (“Dəmirçi Gavə”) tamaşasının anonsu da bu quramada yer alıb. Bəlli olur ki, qurama həmin dövrdə çox zəngin bir ailəyə məxsus olub. Çünki o zaman teatra əsasən zəngin ailələr gedirdilər. Görkəmli şair Mikayıl Müşfiqin bir əlyazması da bu qəbildəndir. Müşfiqin sağlığında Şəmsi Bədəlbəyliyə hədiyyə etdiyi bu əlyazmanı Şəmsi müəllim uzun müddət gizli saxlayıb. Daha sonra oğlu Fərhad Bədəlbəyli əlyazmanı muzeyə hədiyyə edib”.
Bərpaçılar etiraf edirlər ki, bu işlə məşğul olanlar geniş dünyagörüşünə, dərin biliyə malik olmalı, ən əsası isə sənəti sevməlidir. Eksponatlar muzeydə nə qədər yaxşı mühafizə olunsa da, vaxt öz sözünü deyir. Nə vaxtsa eksponatlar bərpaçıya möhtac olur. Hazırda mərkəzdə müxtəlif muzeylərdən daxil olmuş onlarla əşya bərpa mərhələsindədir.
* * *
Qeyd edək ki, respublikamızda muzey sərvətlərinin elmi bərpasına başlanılması XX əsrin 50-ci illərinə təsadüf edir. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əsası ilk professional bərpaçı-rəssam Fərhad Hacıyev tərəfindən qoyulub. O, 1957-ci ildə R.Mustafayev adına Dövlət İncəsənət Muzeyinin zirzəmisində ilk bərpa emalatxanasını açıb. 80-ci illərdə emalatxanaya mərkəz statusu verilib və bədii irsin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayan bərpaçılar bir araya gəliblər.
Hazırda Elmi Bərpa Mərkəzi nümunəvi işi ilə dünyanın bir sıra ölkələrində tanınır, bərpa mərkəzləri və bu sahədə çalışan sənətkarlarla əlaqələr qurub, təcrübə mübadiləsi aparır. Mərkəz həmçinin İCOM (Beynəlxalq Muzeylər Şurası) və İCCROM (Mədəni Sərvətlərin Mühafizəsi və Qorunması üzrə Beynəlxalq Mərkəz) kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq edir.
L.AZƏRİ