1939-cu ildə istehsal olunan nadir “Alfa Romeo 8C 2900 B Touring Berlinetta” avtomobili Parisdə keçirilən nadir avtomobillər hərracında 16,7 milyon avroya satılıb.

Amerikalı kolleksiyaçının satın aldığı avtomobil əla vəziyyətdə olub və istehsal edildiyi vaxtdan indiyədək cəmi 65 min kilometr məsafə qət edib.

“Artcurial” satış evi tərəfindən təşkil olunan “Retromobile” sərgisində ümumilikdə 150 avtomobil nümayiş edilib. Onların arasında 1953-cü ildə istehsal edilən “Maserati”, 1960-cı illərin “Ferrari”, 1962-ci ilin “Aston Martin” avtomobilləri və bir sıra başqa bahalı avtomobillər yer alıb.

Qeyd edək ki, “Alfa Romeo 8C 2900 B Touring Berlinetta” avtomobilindən cəmi 50 ədəd istehsal edilsə də, onlardan yalnız 5-i dövrümüzə qədər gəlib çatıb.