Kiyev şəhərinin mərkəzi parklarının birində ölkəmizin Ukraynadakı səfirliyinin sifarişi ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin heykəlinin ucaldılması üçün iki variantda eskiz layihələri hazırlanıb.
Bu barədə layihələrin müəllifi, Ukraynanın Xalq rəssamı, soydaşımız Seyfəddin Qurbanov məlumat verib. Onun sözlərinə görə, milli ornamentlər nəzərə alınmaqla hazırlanan eskiz layihələri səfirliyə təqdim olunub. Kiyev Şəhər Dövlət Administrasiyası və səfirliyin birgə təsdiq olunmuş variantından sonra heykəl hazırlanacaq. Tuncdan hazırlanacaq heykəlin hündürlüyünün 5 metrə yaxın olacağı nəzərdə tutulur.
Nəsiminin heykəlinin ucaldılması ilə bağlı artıq Kiyev Şəhər Dövlət Administrasiyası ilə ilkin razılıq əldə edilib.