Fevralın 9-da başa çatan 69-cu San-Remo italyan estrada mahnıları festivalında Milanda doğulan Misir əsilli reper Mahmud qalib elan edilib. 1992-ci il təvəllüdlü, atası misirli, anası italyan olan müğənninin “Soldi” (“Pul”) kompozisiyası tamaşaçıların səs çoxluğunu qazanıb.
Müsabiqənin 24 iştirakçısının nəticələri yekunda interaktiv səsvermə ilə iki münsif heyətinin – jurnalist və fəxri peşəkar heyətin səsləri toplanaraq elan edilib. Amma RAİ dövlət televiziyası ilə yayımlanan müsabiqəni zaldan izləyən tamaşaçıların reaksiyasından onların nəticə ilə razılaşmadıqları bəlli olub.
San-Remoda gənc istedadların müsabiqəsinin qalibi olmuş Ultimo ikinci yeri tutub. Üçüncü yeri isə pop-opera janrında püxtələşən II Volo triosu qazanıb. Trio bir neçə il bundan əvvəl San-Remonın qalibi olub.
Tənqidçilərin dəyərləndirməsinə görə, indiki festival daha çox rep kimi yeni elementlərin daxil olduğu müasir İtaliya mahnısının təqdimatı ilə yadda qalıb. Lakin bununla yanaşı, ənənəvi liriklik və melodiklik qorunub saxlanılır. Festivalın bədii rəhbəri və aparıcısı – müğənni və teleaparıcı Klaudio Balyoni özü də müsabiqənin qonaqları ilə duetlər ifa edib.
“Eurovision” mahnı müsabiqəsinin prototipi olan San-Remo festivalı 1951-ci ildən təşkil edilir. Müsabiqənin qalibi İtaliyanı “Eurovision” yarışmasında təmsil edir.