Fevralın 15-də İçərişəhərdəki “Yay” qalereyasında tanınmış rəssam Soltan Soltanlının əsərlərindən ibarət “Gizli qalmış gözəllik” adlı sərgi açılacaq. Sərgidə rəssamın 40-a yaxın rəngkarlıq və qrafika əsəri nümayiş etdiriləcək. Sərginin kuratoru amerikan əsilli sənətşünas Lesli Qreydir.

Sənətşünas sərgi ilə bağlı rəssamın yaradıcılığı haqqında məqalə yazıb. Məqalədə diqqətə çatdırır ki, Soltan Soltanlı parlaq rənglərdən və xəyali perspektivlərdən istifadə etməklə saf emosiyalar və daha ali məqsədləri xarakterizə edən insanları, heyvanları və peyzajları çəkir. Kənardan onun rəsmləri sürrealist keyfiyyətli kimi görünsə də, rəssam bu “yarlıqdan” imtina edir. İllüziyadan istifadə etməklə müxtəlif obyektlər arasında münasibətləri aşkara çıxarmağa çalışır... Onun mesajlarını “rahat qavranan” adlandırmaq olar; o, bilavasitə insanlığa xidmət etmək və onu ruhlandırmaq üçün universal insan həqiqətlərini işıqlandırır”, – sənətşünas bildirir.

“Gizli qalmış gözəllik” sərgisi aprelin 1-dək davam edəcək.