Nazir Əbülfəs Qarayev Böyük Britaniyada səfərdədir

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Bakı şəhərində keçiriləcək V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili və UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına ölkəmizin sədrliyi ilə bağlı təqdimatın keçirilməsi məqsədilə 12-16 fevral tarixində Böyük Britaniyanın Koventri şəhərində səfərdədir.

Nazir səfəri çərçivəsində Böyük Britaniyanın incəsənət, irs və turizm üzrə dövlət katibi Maykl Ellis ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində münasibətlərin vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Əbülfəs Qarayev qeyd edib ki, iki ölkə arasında iqtisadi münasibətlərlə yanaşı muzey, kitabxana, mədəni irsin qorunması, teatr və musiqi sahələrində əlaqələr gündən-günə inkişaf edir. Hazırda Azərbaycan tərəfi mədəniyyət və yaradıcı sənayelərin inkişaf etdirilməsi üçün Britaniya təcrübəsini ciddi araşdırır və bu məqsədlə Britaniya Şurası (British Council) ilə əməkdaşlıq edir.

Öz növbəsində Maykl Ellis bildirib ki, mədəniyyət sahəsində müvafiq istiqamətlər üzrə ölkəmizlə əməkdaşlığa hazırdır. Azərbaycanın UNESCO-dakı rolunu yüksək qiymətləndirən M.Ellis Dünya İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyasının təşkilində uğurlar arzulayıb.

Ə.Qarayev bu ilin 2-3 may tarixində Bakıda keçiriləcək 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu və 30 iyun – 10 iyul tarixlərində təşkil olunacaq UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası barədə məlumat verərək Böyük Britaniyanın incəsənət, irs və turizm üzrə dövlət katibini ölkəmizə səfərə dəvət edib.

Görüş zamanı iki ölkə arasında mədəniyyət sahəsində anlaşma memorandumunun imzalanması və onun əsasında fəaliyyət planının hazırlanması qərara alınıb.

 

Britaniya Kitabxanasında görüş

 

Nazir Əbülfəs Qarayev səfər çərçivəsində Britaniya Kitabxanasında olub. Kitabxananın Avropa və Amerika kolleksiyalarının rəhbəri, türk kolleksiyalarının kuratoru və digər məsul şəxslərinin iştirakı ilə görüş keçirilib.

Görüşdə kitabxana sahəsində əməkdaşlıq, Britaniya Kitabxanasında Azərbaycan kolleksiyalarında adların düzgün yazılması və ölkəmizə mənsubluğunun dəqiq göstərilməsi, kitabxana sahəsində idarəetmə və fəaliyyətin yeni üsullarla həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi mövzularında müzakirələr aparılıb.

Əbülfəs Qarayev qeyd edib ki, görüşün əsas məqsədi Azərbaycan Prezidentinin 15 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına uyğun olaraq ölkədə yeni kitabxana sisteminin formalaşdırılması üçün Britaniya təcrübəsinin öyrənilməsidir.