Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor, AMEA-nın müxbir üzvü, UNESCO-nun “Sülh artisti” adına layiq görülmüş Firəngiz Əlizadənin “İntizar” operası bir neçə ildir ki, yeni quruluşda (quruluşçu rejissor – Əməkdar incəsənət xadimi Hafiz Quliyev) Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş etdirilir. Tamaşa son olaraq 20 Yanvarın ildönümü ərəfəsində təqdim olunmuşdu.

İki pərdə və yeddi şəkildən ibarət operada tariximizdən, qan yaddaşımızdan bəhs olunur. Bəstəkar vokal, ansambl nömrələri, xor səhnələri vasitəsilə Qarabağda baş verən hadisələri, tarixi faciələri təqdim edir. Operanın orkestr səslənməsi möhtəşəm və dolğundur. Orkestrin tərkibinə xalq çalğı alətləri daxil edilərək, muğam və müasir bəstəkarlıq üslubu sintez edilib.

“İntizar” operasının libretto müəllifi akademik Nərgiz Paşayevadır. Librettonun əsas qayəsini Xeyir və Şər arasında daimi mübarizə, Azərbaycan xalqının fikir və arzuları, vətənpərvərliyi, qələbəyə olan inamı təşkil edir. Operada xoşbəxt Azərbaycan ailəsi təqdim edilərək sonradan onların başına gələn müsibətlər öz əksini tapır. Bütün hiss və niyyətlər Arif ilə Mələyin qarşıdakı toyuna yönəldilsə də, Vətənin başı üzərini alan qara buludlar sadə insanların ümid və arzularının gerçəkləşməsinə maneə törədir. Bəstəkar librettoya uyğun olaraq Azərbaycan milli musiqi ənənələrindən – muğam səs düzümlərindən, muğam parçalarından, şikəstələrdən (“Qarabağ şikəstəsi”) istifadə edərək əsəri daha da gücləndirib.

Əsərin kompozisiya quruluşu milli ənənələrə əsaslanır. Bəstəkarlıq məktəbimizin tarixində ənənə və varislik məsələlərinin araşdırılması zamanı Firəngiz Əlizadə yaradıcılığına xüsusi diqqət ayrılmalıdır.

Qara Qarayev məktəbinin ən parlaq nümayəndələrindən olan Firəngiz Əlizadə yaradıcılığının müstəsna əhəmiyyəti ondadır ki, o həm bəstəkarlıq məktəbimizdə kök salan ənənələrin davamçısıdır, həm də XX əsr Azərbaycan musiqisi korifeylərinin ənənələrini XXI əsrə gətirən, milli musiqimizi sələflərinin fəth etdiyi zirvədə saxlayan, dünya miqyasında ənənələri təmsil edir. Bəstəkar “İntizar” operasında da heç vaxt möhkəm milli zəmindən, xalq musiqisinin sağlam köklərindən, həmişəyaşar qaynaqlarından ayrılmır. Bu da təsadüfi deyil. Firəngiz xanımı hələ kiçik yaşlarından bu musiqinin mühitində olub. Atası Əliağa Əlizadə ikinci ixtisas kimi tar musiqi alətində muğamları gözəl ifa edirdi.

Bəstəkar “İntizar” operasında muğamlara – “Çahargah”a, onun səs düzümünə müraciət edərək monumental əsər yaradır. Eyni zamanda “Humayun”, “Bayatı-Şiraz”, “Segah” səs düzümlərinə yönəlmələr edərək əsəri daha da gücləndirir.

Qədim musiqi alimlərinin fikrincə, “Çahargah” muğamı göy gurultusu ilə əlaqədar olaraq yaranmışdır. Bu mənada bəstəkar əsərin librettosuna tam uyğun olaraq 1-ci pərdənin 4-cü səhnəsində “Çahargah” məqamından coşqunluq və ehtiras hissi yaratmaq məqsədilə istifadə edir. Təmkinlilik, dərin təsir qüvvəsi kimi Ariflə Mələyin duetində “Bayatı-Şiraz” muğam səs düzümlərinə - onun özəyinə yönəlmələr edir. 2-ci pərdənin 1-ci şəklində Arifin ölüm səhnəsində “Humayun” məqamına yönəlmədə isə daha dərin kədər hissi oyatmaqdan ötrü istifadə edir.

“İntizar” operasında maraqlı məqamlardan bir də “Dərviş” obrazıdır. Gənclər xoş arzularını bir-biri ilə paylaşarkən Dərviş səadət quşu kimi onların ətrafında ağ əba və paltarda uçur.

Tarixi mənbələrdə dərviş əsasən meydanlarda adamları başına yığaraq peyğəmbərə, imamlara, Kərbəla hadisələrinə həsr olunmuş qəsidələri avazla oxuyan şəxs kimi təqdim edilir. Əsərdə isə Dərviş obrazı bizi sanki irfana – sufi təriqətlərinə, təsəvvüfə kökləyir.

Sufilik İslamda içdən-daxildən gəlmə, qəlbdən-ruhən işıqlanma, intuitiv yolla mənəvi-əxlaqi paklıqdan keçərək Tanrı ilə bilavasitə ünsiyyət saxlayan, ən mühümü, insana öz ilahi mənşəyinə inam hissi təlqin edən xüsusi dini-fəlsəfi dünya duyumudur. Onun səciyyəvi cəhətlərini idealist metafizikanın (irfan) xüsusi tərki-dünya praktikası ilə birləşdirilməsi, Allahı dərk etmək və tədricən ona qovuşmağa yaxınlaşma təlimi, Allaha qovuşanadək mistik yol (təriqət) təşkil edir.

“İntizar” operasının süjet xəttində Dərviş obrazı məhz bu baxımdan bəstəkar və libretto müəllifi tərəfindən hazırlanmış pak, ülvi hislərin təcəssümü üçün təqdim olunan ən gözəl obrazdır. Məhz bu obraz ilə əsərin əvvəldən sona qədər inkişafı idraka, nurlanmaya, ekstaza gətirib çıxarır. Əsərin musiqisinin əsasını təşkil edən Azərbaycan muğam və məqamları sovet dövründə belə Tanrıdan – intuitiv idrakdan, nurlanmadan kənar deyildi.

Opera tamaşasının səhnə dekorasiyasındakı elementlər, rəng çalarları, milli libaslardakı qəhrəmanların obrazları tamaşaçının zövqünü oxşayır, əsərin təsir qüvvəsini daha düzgün ifa edir. Əsərdəki xor səhnələri, deklamasiyalar, ariyalar və digər janrda yazılmış musiqi formaları insana yüksək mənəvi dəyərlərin mənimsənilməsinə kömək edir.

Bəstəkarın yaradıcılığı və təqdim olunan “İntizar” operasında təzahür edən hər bir yeniliyin arxasında möhkəm dayanan üslub vahidliyini şərtləndirən başlıca amillərdən biri – milli ənənələrin çoxcəhətli təzahürüdür. Bəstəkarın opera musiqisində bəşəriyyətə humanist istiqamətə çağırış, insanlara müraciət, xalqa bağlılıq duyulur. Azərbaycan torpağının, suyunun, səmasının izi görünür.

Firəngiz Əlizadə qədim musiqi ənənəsinə münasibətdə zəngin xəzinənin dərinliklərinə vararaq Qara Qarayev yolunun layiqli davamçısı kimi çıxış edir.

Milli ənənənin ən parlaq təmsilçisi kimi qiymətləndirilən muğam prinsipləri onun simfonik musiqisində qabarıq və çoxcəhətli təzahür edir. Öz əsəri ilə XX əsrin sonu – XXI əsrin əvvəlində Azərbaycanda simfonik musiqinin əsas inkişaf istiqamətlərinin müəyyən edilməsində bəstəkar ən dəyərli ənənələrin davamçısı kimi çıxış edir. Bəstəkarın istedadı, ümumiləşdirmə qabiliyyəti, intellektual potensialının səviyyəsi sayəsində varisliyin reallaşması mümkün olmuşdur. Onun yaradıcılığında muğam məntiqindən irəli gələn xüsusiyyətlərlə simfonik təfəkkür prinsiplərinin müxtəlif səviyyədə qovuşuğundan yaranan dramaturgiya orijinal həllini tapır. Əsərdə mərhələli inkişaf məntiqinə riayət olunması, əsərin tematizminin kiçik bir intonasiya “nüvə”sindən törəməsi və sonda simfonik cərəyanı ilə bitməsi və muğam forma prosesinin mühüm ünsürü kimi qeyd etdiyimiz prinsipin müasir bəstəkar təfəkkürü səviyyəsində gerçəkləşməsinə nümunədir.

Firəngiz Əlizadənin yaradıcılığına ənənələr nəzərindən yanaşarkən onun Azərbaycan bəstəkarlıq məktəbində varisliyin təmin olunmasında oynadığı rol aydın sezilir. Bu mənada bu gün Azərbaycanda incəsənətin digər sahələri ilə yanaşı musiqi abidələri olan muğam öz etik və estetik əhəmiyyətini bütün musiqi janrları daxilində qoruyub saxlayır.

Beləliklə, görkəmli bəstəkar Qarabağ mövzusunu daha təsirli etmək məqsədilə  muğamlardan məharətlə istifadə edərək əzəmətli, möhtəşəm opera yaradıb. Tamaşanın ifa heyəti, o cümlədən dirijor, Əməkdar artist Əyyub Quliyevin idarəsi ilə orkestr, teatrın xoru (xormeyster – Sevil Hacıyeva) bu möhtəşəmliyi bacarıqla nümayiş etdirir.

Kəmaləxanım ƏSƏDULLAYEVA
sənətşünaslıq üzrə fəlsəfə doktoru