İtalyanların Luçano Pavorottiyə bənzətdikləri vokalçımızla müsahibə

Yəqin heç bir mədəniyyət yazarının ağlına gəlməz ki, kikboksinq üzrə dünya çempionundan teatrda müsahibə alsın. Amma bir zamanın gənclər arasında kikboksinq üzrə dünya çempionu illərdir ki, musiqi ilahəsi Evterpanın cazibəsindədirsə, belə də olur... 

Müsahibimiz bütün fiziki və psixoloji gücünü, idmanın daha da möhkəmləndirdiyi əzmkarlığını sənətin cazibə qüvvəsinə tabe etdirmiş, Avropa operasevərlərinin “Azer Zada” olaraq tanıdığı gənc vokalçı Azər Rzazadədir.

Azərlə onun bir neçə il öncə debüt etdiyi doğma Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Bohema” operasının tamaşasının məşqarası fasiləsində söhbət edirik. Azəri ilk dəfə opera səhnəsində Qaetano Donisettinin “Sevgi şərbəti” operasında Nemorino partiyasını ifa edərkən dinləmişəm. Həmin tamaşa onunla yanaşı bu gün cəsarətlə operamızın ulduzu adlandıra biləcəyimiz Əməkdar artist Afaq Abbasovanın da səhnə debütü idi. Elə o tamaşadan bəri bu istedadlı cavanların yaradıcılıqlarını izləyirəm.

Budur, bir az utancaq, bir qədər təvazökar, dağınıq saçlı, səmimi və xəfif təbəssümlə suallarıma cavab verən Azər Rzazadə ilə söhbət edirik. Bəzi suallarımız oxucuya göydəndüşmə görünməsin deyə, kiçik açıqlama: Azər tanınmış müğənni, Xalq artisti Zaur Rzayevin oğludur. Bakı Musiqi Akademiyasının, İtaliyanın La Skala Akademiyasının məzunudur, hazırda bu ölkədə yaşayır.

 

- Azər, musiqiçilərin idmana müsbət münasibəti, azarkeşliyi təəccüblü deyil. Amma yaddaşımı nə qədər araşdırsam da, kikboksinq kimi döyüş növü ilə peşəkar səviyyəsində məşğul olmuş vokalçı, müğənni ismi yadıma düşmədi. Adətən, oğlan uşaqlarının bəzisi döyülməmək üçün, bəzisi də elə döymək üçün belə idman növlərinə meyil edirlər. Siz bu idman növünü niyə seçdiniz?

- Məndə, deyəsən, ikincisi olub (gülür). Çox dəcəl uşaq idim, bir yerdə qərar tuta bilmirdim. Valideynlərim də enerjimi düzgün paylaşdırmaq üçün idmanla məşğul olmağımı istədilər.

 

- Yadımdadır, Zaur müəllim sizin beynəlxalq yarışda erməni rəqibinizə asanlıqla qalib gəlməyinizi ləzzətlə danışırdı…

- Bəli, olub belə qələbələr. 16 yaşımda da gənclər arasında dünya çempionu oldum.

 

- Yəqin paralel olaraq musiqi məktəbində də təhsil almısınız…

- Yox, mənim orta musiqi təhsilim yoxdur.

 

- ?..

- Təəccüblənməyin. O qədər dəcəl idim ki, musiqi ilə məşğul olmağa hövsələm çatmazdı.

 

- Bəs sizin səsinizi kim kəşf etdi?

- Sizin sözünüz olmasın, mən çox gec kəşf olunmuşam. Lap kiçik yaşlarımdan oxumağa həvəs göstərmişəm. Amma kiminsə yanında oxumaqdan utanır, oxumaq bacarığıma, səsimin olduğuna şübhə ilə yanaşırdım. Fürsət axtarırdım ki, evdə tək qalım, oxuyub ürəyimi boşaldım…

 

- Doğrudan da, kikboksinq hara, vokal hara…

- Düzü, idmanla sənətin arasında oxşar cəhətlər var. Mübarizlik, sonadək getmək, çalışmaq həvəsi, yorulmadan məşq etmək…

 

- Bəzi valideynlər övlada ata-ana arzusunu gerçəkləşdirən layihə kimi baxırlar. Maraqlıdır, bəs Zaur müəllim sizin müğənni olmaq istəyinizə necə baxdı?

- Mənə heç vaxt deməmişdilər ki, musiqiçi olmalı, atanın yolunu davam etdirməlisən. Bu, mənim arzum idi. Atama deyəndə əvvəlcə etiraz etdi. Məni dinləyəndən sonra fikrini dəyişdi, dəstək oldu. Bilirsiniz, atam sənət yolunda çox əziyyət çəkib, amma mükəmməl təhsil almaqdan bezməyib. Mənim indi 28 yaşım var. Atam isə mən yaşda olanda artıq tanınmış müğənni olduğuna baxmayaraq, konservatoriyaya Kamal Kərimovun sinfinə daxil olmuşdu. Ali təhsil almazdan əvvəl də Xan Şuşinskidən, Hacıbaba Hüseynovdan xanəndəliyin sirlərini öyrənmişdi. Onun üst-üstə təxminən 15 illik musiqi təhsili var. Atam sənət karyerasında çox arzusunu reallaşdırıb, amma ona qismət olmayanları da mən həyata keçirməyə çalışıram, o həm mənim müəllimim, həm də ən yaxın dostumdur.

 

- Bəs ilk sənət müəlliminiz kim olub?

- 19 yaşımda Bakı Musiqi Akademiyasının hazırlıq kursuna, professor Hüseyn Əliyevin sinfinə qəbul oldum. Bir neçə aydan sonra Hüseyn müəllim əlimdən tutub teatra gətirdi, tamaşalarda kiçik partiyaları oxumağa başladım. 2012-ci ildə, 22 yaşımda ilk dəfə “Sevil” operasında Balaşın partiyasını oxudum, 2013-cü ildə də sizin baxdığınız həmin “Sevgi şərbəti” tamaşasında çıxış etdim. 2014-cü ildə isə artıq Milanda təhsilimi davam etdirməyə başladım.

 

- Əgər İtaliya başqa ölkədən olan tenoru qəbul edirsə, deməli, çox ciddi çalışmalardan və nadir səs tembrindən danışmaq gərəkdir.

- Haqlısınız. İtaliya operanın, klassik vokal təhsilinin vətənidir. Orada vokal sahəsində bilik, uğur qazanmaqdan ötrü gecə-gündüz çalışmaq lazımdır. La Skala Teatrı Akademiyasında təhsil aldığım birinci il o qədər yuxusuz gecələrim olub ki… İtalyan dilim mükəmməl deyildi, həm dərs oxuyur, həm də dil öyrənirdim. Getdikcə hər şey nizamına düşdü. Akademiyada üç il oxudum. Orada hər tələbə akademiyada bu qədər təhsil almır, bir, uzağı, iki ildən sonra müəllimin ümidini doğrultmayan tələbə akademiyanı tərk edir. Amma təhsil davam edir və edəcək də. Vokal sənəti bitib-tükənmir.

 

- Budur, yenə də doğma teatrdasınız, hamı “Bohema”nı gözləyir…

- Sizə deyim ki, bu gün Bakıda, öz teatrımızda çıxış etmək mənim üçün La Skalada oxumaqdan daha çətindir. Ötən il Venesiyanın La Feniçe teatrında Rudolfun partiyasını oxumuşam, amma yenə də çox həyəcanlıyam.

 

- İndiyədək hansı məşhur vokal partiyalarını oxumusunuz?

- Məni ən çox “Toska” operasında Kavaradossi partiyasını oxumağa dəvət edirlər. “Madam Batterflay”da Pinkerton, “Maqbet”də Makduf partiyalarını, konsertlərdə C.Verdinin “Rekviyem”ini tez-tez oxuyuram. “Aida” operasından Radames partiyasının üzərində çalışıram. Görürəm ki, bu partiyanın ifaçısına tələbat çoxdur.

 

- Radames çətin və böyük partiyadır, həm də yəqin ki, sizi zahiri görkəminizə görə şahzadələrin aşiq olacağı sərkərdəyə oxşadırlar...

- Bəlkə də… Əslində, teatrlarla müqavilə bağlayanda məndən tez-tez Radamesin partiyasına hazır olub-olmadığımı soruşurlar…

 

- Müqavilə demişkən, ən çox hansı teatrda oxuyursunuz?

- Əsasən İtaliya və Fransada. Amma bu gün daha çox oxumağa, daha tez-tez çıxış etməyə can atmıram. Həftədə bir dəfə bir tamaşa oxumaq mənə kifayət edir. Çalışıram ki, imkan tapan kimi Bakıya gəlim, valideynlərimlə daha çox vaxt keçirim.

 

- Belə baxanda həftədə bir dəfə opera tamaşasında oxumaq heç də az sayılmaz. Sadəcə, siz gözümüzdən bir qədər uzaqsınız deyə, uğurlarınızdan tez-tez xəbər tutmuruq…

- 2017-ci ildə Cüzeppe Verdinin doğma şəhəri Bussetoda keçirilən “Verdi səsləri” beynəlxalq müsabiqəsində birinci yeri tutmuşam.

 

- Yaşınız hələ neçə müsabiqədə iştirak etməyə imkan verir. Ümid edirik ki, bu, son qalibiyyətiniz olmayacaq.

- Daha müsabiqəyə qatılmaq niyyətim yoxdur.

 

- Niyə? Bəs idmanda formalaşan əzmkarlıq, yarışmaq həvəsi necə olsun?

- Bilirsiniz, məncə, müsabiqədə iştirak karyera qurmağa təkan kimi, adının tanınması üçün lazımdır. Mənimsə 2022-ci ilə kimi çıxış qrafikim tutulub.

 

- Yaxşı, bəs Milanda sizi azərbaycanlı kimi tanıyırlar, yoxsa eləcə, mərhum Pavarottinin cavanlığını xatırladan istedadlı vokalçı kimi?

- Milanda yaşamaq mənə rahatdır, özümü yad kimi hiss etmirəm. Dilə mükəmməl yiyələnmişəm, dostlarım var. İtalyanlar istər mentalitet, isərsə də temperament baxımından bizə yaxındırlar. Tanımağa gəlincə, məncə, biz xaricdə özümüzü yox, mədəniyyətimizi, musiqimizi tanıtmalıyıq. Xalq artisti, maestro Yalçın Adıgözəlovun idarəsi ilə “Royal Philharmonic Orchestra”nın müşayiəti ilə Niyazinin “Vətən nəğməsi”ni ifa etməyim heç yadımdan çıxmır. 2017-ci ildə La Skala Teatrı Akademiyası tələbələrinin konsertinə hazırlaşırdıq. Teatrın və akademiyanın rəhbərliyinə müraciət etdim ki, Azərbaycan musiqisi ifa etmək istəyirəm. Qara Qarayevin Puşkinin sözlərinə bəstələdiyi “Mən sizi sevirdim” romansını onlara oxuyanda çox bəyəndilər və proqrama daxil etdilər. Mən fəxr edirdim ki, Azərbaycan bəstəkarının əsəri Maler, Şuman, Şubert, Raxmaninov kimi bəstəkarların əsərləri ilə eyni konsertdə səslənir və italyan dinləyicilərini Qara Qarayevin əsəri ilə tanış edirəm.

* * *

Bir qədər utancaq, özündən danışmağa həvəsli olmasa da, Azər Rzazadə yaxşı müsahibdir. Onunla çox söhbət edə bilərdik, əgər fasilə bitməsəydi…

* * *

Nəhayət, 9 fevral. Bu axşam Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Bohema” tamaşası oynanılır. Azərlə (Rudolf) yanaşı tamaşada xalq artistləri Əkrəm Poladov (Kollen), Əli Əsgərov (Alsindor), əməkdar artistlər Afaq Abbasova (Mimi), İnarə Babayeva (Müzetta), Tural Ağasıyev (Şonar), Əliəhməd İbrahimov (Benua), bir də Belarus Respublikasının Əməkdar artisti Vladimir Qromov (Marsel) çıxış edirlər. Tamaşaya Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dirijorluq edir.

“Bohema” birnəfəsə oynanılır, tamaşaçılar hər ariyanı “bravo” deyərək alqışlayır, Rudolfla Miminin nakam məhəbbətinə acıyır, tez-tez küsüb-barışan Müzetta ilə Marselin çılğın, hay-küylü münasibətinə gülür. Salon neçə ildən bəri bu teatrın səhnəsində görmədiyi Azər Rzazadəni daha diqqətlə dinləyir, Rudolfun lirik tenorlar üçün məhək daşı sayılan ariyasına qulaq kəsilir. Oxucumuzu yormamaq üçün Azər Rzazadə ilə söhbətin sonuna tamaşa barədə təəssüratı tək cümlə ilə çatdırıram: biz o axşam ən məşhur teatrların səhnəsinə layiq tamaşanı seyr etdik.

 Gülcahan MİRMƏMMƏD